Faktiki olaraq 2021-ci ildə aktiv fəaliyyətə başlamış "Prior Kredit Bank Olmayan Kredit Təşkilatı" QSC 2021-ci ili 520 min manat xalis zərər ilə başa vurub. Şirkət 2020-ci ili 13 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Prior Kredit"in xalis zərəri 40 dəfə artıb. Zərərin əsas səbəbi gəlirləri üstələyən xərclərdir.
Eləcə də bax: Azərbaycanda 30 saniyəyə kredit verən şirkətin vəziyyəti - MƏLUM OLDU
FED.az xəbər verir ki, 2021-ci ildə "Prior Kredit"in faiz gəlirləri 186 min manat təşkil edib. Şirkət 2020-ci ildə faiz gəlirləri əldə etməmişdi.
31 Dekabr 2021-ci il tarixində "Prior Kredit"in portfeli (müştərilərə verilmiş kreditlər) 2 milyon 345 min manat təşkil edib. Təşkilat 2020-ci ildə kredit ayırmamışdı.
Ötən il Təşkilatın cəmi gəlirləri 188 min 782 manat, cəmi xərcləri 708 min 937 manat təşkil edib.
"Prior Kredit" bank olmayan kredit təşkilatı öz fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tərəfindən 25 sentyabr 2020–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. (Marja)