"Rəqəmsal dünyaya gəldiyimiz ilk dövrlərə, təxminən 50 il əvvələ nəzər salaq. Həmin vaxtlarda kənardan hər hansı bir şəxs sistemlərimizə müdaxilə edə bilirdi. Biz də bank olaraq bu təhlükələri müəyyənləşdirir, onlara qarşı müvafiq tədbirlər görürdük. Öz tərəfimizdən “white hat hacker” (etik haker) konsepsiyasını formalaşdırırdıq".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu fikirləri "ABB Bank"ın Baş informasiya direktoru (CIO) Nihat Şenyuva "X Beynəlxalq Bankçılıq Forumu"u çərçivəsində panel müzakirələr zamanı deyib.
O, qeyd edib ki, bugünkü dünya bir qədər dəyişib:
"Artıq qarşımızdakı zərərli aktorlar daha çox insanların istifadə etdiyi agentlərə və ya agentlərin idarə etdiyi digər agentlərə çevrilib. Yəni tamamilə fərqli bir perspektivlə qarşı-qarşıyayıq. Dəyişməyən yeganə məqam isə bu təhdidlərlə mübarizə aparmaq zərurətidir.
Bu mübarizədə qarşı tərəfin istifadə etdiyi silahlardan yararlanmalıyıq. Çünki agentlərin və botların təhdid mənbəyinə çevrildiyi bir dünyada ənənəvi üsullarla fəaliyyətimizi davam etdirərək özümüzü qorumağın mümkün olmayacağı aydındır.
Xüsusilə bank sektorunda bu məsələ daha böyük əhəmiyyət daşıyır. Çünki banklar maliyyə resurslarının toplandığı və idarə olunduğu əsas qurumlardır. Əvvəllər hər bir bankda 7/24 fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi (Security Operations Center – SOC) mövcud idi. Bu mərkəzlər müəyyən həcmdə məlumat və əməliyyatları izləyərək fəaliyyət göstərirdilər. Lakin bu gün həmin məlumat və əməliyyatların həcmi inanılmaz dərəcədə artıb. Müxtəlif mənbələrdən və fərqli davranış modellərindən qaynaqlanan təhdidlər yaranır. Buna görə də banklar texnologiya sahəsindəki investisiyalarını bu reallığa uyğun qurmalıdırlar".
Nihat Şenyuva bildirib ki, ən təməl səviyyədən, yəni müştərinin mobil cihazından başlamaq lazımdır:
"Müştəri sistemə hansı platforma üzərindən qoşulursa-qoşulsun, ilk növbədə həmin nöqtədə təhlükəsizlik təmin edilməlidir. Bunlar preventiv və proaktiv yanaşma çərçivəsində həyata keçirdiyimiz tədbirlərdir.
Lakin hücumlar bununla dayanmır. Sistemlərin daxilində baş verən proseslərə gəldikdə isə, ənənəvi Təhlükəsizlik Əməliyyatları Mərkəzlərinin imkanları ilə bütün bu təhdidləri idarə etmək demək olar ki, mümkünsüzdür. Buna görə də süni intellekt və agentlər tərəfindən dəstəklənən təhlükəsizlik əməliyyatları qurulmalıdır.
Bu nə deməkdir? Tutaq ki, sisteminizdə hər hansı anomaliya baş verir. Bu, texniki nasazlıq və ya kənardan qaynaqlanan təhlükə ola bilər. Belə vəziyyətlərdə sistemdəki agentlər həmin hadisəyə uyğun reaksiya verə bilməlidirlər.
Çünki yaxın dövrdə bununla bağlı maraqlı bir hadisə yaşandı. Bəlkə də xəbərlərdə izləmisiniz. Agentlər öz platformalarını sındıraraq, aralarında xüsusi bir dil formalaşdırmaqla ünsiyyət qurmağa nail olmuşdular. Bu, onların da davamlı inkişaf etdiyini göstərən maraqlı nümunədir.
Bir qədər qorxulu səslənə bilər, amma nəticə etibarilə banklar da öz təhlükəsizliklərini bu reallığa uyğun təmin etməlidirlər. Bunun yolu da eyni silahlardan, eyni texnoloji imkanlardan istifadə edərək təhlükəsizlik əməliyyatlarını qurmaq və idarə etməkdir".
"Bu məsələnin digər tərəfi də var. Gec-tez bu cür hücumlarla hər bir bank və maliyyə resurslarının idarə olunduğu digər qurum qarşılaşa bilər. İndiyədək hər hansı fiziki və ya rəqəmsal hücuma məruz qalmamış bankın olduğuna inanmıram.
Belə bir hadisə baş verdikdə əsas məsələ problemin mənbəyini və miqyasını çox qısa müddətdə müəyyənləşdirmək, daha sonra isə onun təsir dairəsini məhdudlaşdırmaqdır. Bunu virus kimi təsəvvür edə bilərsiniz. Təhlükə aşkarlandığı nöqtədə təcrid edilməli, müvafiq təsirlərin azaldılması tədbirləri (mitigation) həyata keçirilməli və problemin digər sistemlərə yayılmasının qarşısı alınmalıdır. Bu yanaşma olduqca vacibdir.
Digər tərəfdən, həm texnologiya şirkətlərində, həm də banklarda təhlükəsizlik departamentləri özlərini mümkün olan bütün ssenarilərə hazırlamağa çalışırlar. Bunun üçün müxtəlif simulyasiyalar hazırlanır, müvafiq prosedurlar və fəaliyyət planları tərtib edilir. Lakin bunların yalnız kağız üzərində qalması kifayət deyil. Hazırlanan planlar praktikada tətbiq olunmalıdır.
Buna görə də mütəmadi olaraq böhran simulyasiyaları keçirilməlidir. Bu simulyasiyalar zamanı görülən tədbirlər və əldə olunan nəticələr əsasında sistemlər davamlı şəkildə təkmilləşdirilməlidir. Təhlükəsizlik məsələsinə mən məhz bu perspektivdən – təhdidlərlə eyni silahlarla mübarizə aparmaq yanaşmasından baxıram", - deyə o, əlavə edib.















