Bu ilin sentyabr ayının sonunda Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən verilmiş istehlak kreditlərinin orta faiz dərəcəsi 34% olub.
BOKT-ların faizlərinin yüksək olması Mərkəzi Bankı narahat edir - TALEH KAZIMOV
FED.az biznes və maliyyə xəbərləri portalı Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, BOKT-ların istehlak kreditlərinin orta faiz dərəcəsi ilin əvvəlindən bəri 1 faiz bəndi azalıb. İlin əvvəlində bu rəqəm 35% idi.
Bu faizlər gündəlik (qısamüddətli) kreditlərin verilməsinə, yaşayış sahəsinin alınması və tikintisinə verilmiş kreditlərə aid deyil.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan BOKT-ları müştərilərə verilmiş kreditlərdən 231,9 milyon manat faiz gəliri qazanıb. BOKT-ların faiz gəlirləri ötən ilin eyni dövrünə nəzərən 69,6 milyon manat (42,9%) artıb.
Hesabat dövründə BOKT-ların xalis mənfəəti 93,1 milyon manat və ya 2,5 dəfə artaraq 153,4 milyon manata yüksəlib.
Bu ilin sentyabr ayının sonunda BOKT-ların kredit portfeli 1 milyard 376,2 milyon manat olub ki, bu da, ilin əvvəlindən bəri 331,1 milyon manat (31,7%) daha çoxdur.














