"Bankların, fintex şirkətlərinin və ödəniş sistemlərinin açıq maliyyəyə keçidi də yeni imkanlar yaradır. Müştərilərin razılığı əsasında təhlükəsiz məlumat mübadiləsi maliyyə xidmətlərini müqayisə etməyi, hesabları idarə etməyi və fərdi ehtiyaclara uyğun məhsullar hazırlamağı asanlaşdırır".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin sədri Zakir Nuriyev "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, bu prosesdə məlumatların qorunması, müştərilərin seçim hüquqları və iştirakçıların məsuliyyəti aydın şəkildə təmin edilməlidir:
"Süni intellekt texnologiyaları risklərin qiymətləndirilməsi, dələduzluğun aşkarlanması və müştəri xidmətlərinin təkmilləşdirilməsi baxımından geniş imkanlara malikdir. Lakin bu imkanların reallaşdırılması keyfiyyətli məlumat, peşəkar kadrlar və düzgün idarəetmə tələb edir. Xüsusilə müştərinin maliyyə vəziyyətinə təsir edən qərarlarda modellərin nəticələri izah edilə bilməli və insan nəzarəti qorunmalıdır".
Zakir Nuriyev qeyd edib ki, rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik və dələduzluqla mübarizə sahəsində də birgə fəaliyyət gücləndirilməlidir:
"Təhdidlər barədə operativ məlumat mübadiləsi, şübhəli əməliyyatlara vaxtında reaksiya verilməsi və xidmətlərin fasiləsizliyinin təmin olunması bütün sektorun dayanıqlılığı üçün əsas şərtlərdəndir.
Vətəndaşların maliyyə və rəqəmsal savadlılığının artırılması da bu fəaliyyətin ayrılmaz hissəsidir. Banklara etimad gündəlik xidmətlərin keyfiyyətindən formalaşır. Müştərilər təqdim etdiyimiz məhsulların şərtlərini və üzərimizə götürdüyümüz öhdəlikləri aydın anlamalı, onların müraciətlərinə vaxtında və ədalətli şəkildə cavab verilməlidir. Bu, hazırda qarşımızda duran mühüm çağırışlardan biridir. Şəffaf kommunikasiya, istehlakçı hüquqlarının qorunması və məsuliyyətli kreditləşmə sektorun uzunmüddətli inkişafını dəstəkləyir. Biz bunu aydın şəkildə anlayır və bu istiqamətdə zəruri tədbirlər həyata keçiririk".















