Xəbər verildiyi kimi, Azərbaycanda istehlak krediti götürən şəxsə zamin duranlara yeni borc limiti qoyulub. Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, istehlak krediti üzrə təminat qismində zaminlik çıxış etdikdə zaminin borcun gəlirlərə nisbəti (BGN əmsalı) 70 faizdən artıq olmamalıdır.
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Zaminlər üçün yeni tətbiq edilən 70%-lik limit nəyi dəyişəcək? Bu qərar istehlak kreditləri üçün müraciətlərə, zaminlərə və ən əsası - bankların belə müraciətlər üzrə qərarlarına necə necə təsir edəcək?
Bu barədə FED.az biznes və maliyyə xəbərləri portalına açıqlama verən «Bank of Baku»nun - Kiçik və Orta biznes Bankçılıq departamentinin direktor müavini İsmayıl Məmmədov bildirib ki, Mərkəzi Bankın 2026-cı ilin noyabrında qüvvəyə minən yeni tələblərinin əsas fəlsəfəsi odur ki, kredit almaq asanlaşdıqca, onu qaytarmaq çətinləşməməlidir:
«Borcun Gəlirə Nisbəti (BGN) üçün tətbiq edilən 70%-lik limit və davranış modeli ilə proqnozlaşdırılan gəlirə qoyulan məhdudiyyətlər il baxışdan kreditləşməni sərtləşdirən addımlar kimi görünə bilər. Lakin məsələyə yalnız “kredit veriləcək, yoxsa verilməyəcək?” prizmasından yanaşmaq düzgün deyil. Burada əsas məsələ odur ki, bank bu krediti verdikdən sonra müştərinin onu qaytara biləcəyinə əmin olmalıdır»-deyə ekspert bildirib.
İsmayıl Məmmədov diqqətə çatdırıb ki, burada mühüm məqam - 70 faizlik həddin zaminlərin sayına deyil, onların borc yükünün gəlirlərinə nisbətinə aid olmasıdır:
«Beynəlxalq tədqiqatlar göstəir ki, borcalanın aylıq borc ödənişlərinin gəlirinə nisbəti ilə kredit üzrə öhdəliklərin yerinə yetirilməməsi (defolt) ehtimalı arasında ciddi əlaqə var. Belə ki, borc xidmətinin gəlirə nisbəti yüksəldikcə defolt ehtimalı da artır. Müəyyən həddən sonra isə bu artım daha sürətli xarakter alır».
Ekspertin sözlərinə görə, bu sahədəki araşdırmalar göstərir ki, borc xidmətinin gəlirə nisbətinə limit qoyulması defolt ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər: «Bu baxımdan, BGN əmsalı sadəcə inzibati göstərici deyil, beynəlxalq risk idarəetməsində geniş istifadə olunan makroprudensial alətlərdən biridir».
Direktor müavininin sözlərinə görə, Mərkəzi Bankın yeni tələblərinin digər mühüm istiqaməti borcalanın gəlirinin müəyyən edilməsinə aiddir:
«Belə ki, şəxsin gəliri əməkhaqqı, pensiya, müavinət, depozit faizi və digər müvafiq sənədlər, yaxud dövlət informasiya sistemləri vasitəsilə müəyyən edilə bilirsə, davranış modeli əsasında proqnozlaşdırılan gəlirdən istifadə edilməsinə yol verilmir».
İsmayıl Məmmədovun fikrincə, real və yoxlanıla bilən gəlir məlumatları mövcud olduğu halda, proqnozlaşdırılan gəlirin əsas götürülməsi düzgün yanaşma deyil:
«Məsələn, şəxsin rəsmi aylıq gəliri 1 500 manatdırsa, bankın davranış modelinin həmin şəxsin gələcəkdə 2 500 manat qazana biləcəyini proqnozlaşdırması faktiki gəliri əvəz etməməlidir. Davranış modeli köməkçi alət kimi istifadə oluna bilər, lakin təsdiqlənmiş gəlirin alternativinə çevrilməməlidir».
Yeni tələbin əsas məqsədlərindən biri zaminlərin maliyyə risklərindən qorunmasıdır. Çünki zamin əksər hallarda krediti birbaşa götürən şəxs deyil, başqa bir şəxsin öhdəliyinə etibar əsasında qoşulan tərəfdir.
«Lakin borcalan kredit üzrə ödənişləri dayandırdıqda zaminin üzərinə real maliyyə məsuliyyəti düşə bilər. Bu baxımdan, zaminlik mexanizminə yalnız bankın maraqlarını qoruyan vasitə kimi deyil, borcalanın və zaminin də maliyyə risklərini nəzərə alan hüquqi və maliyyə mexanizmi kimi yanaşılmalıdır», - deyə o, əlavə edib.
İsmayıl Məmmədov həmçinin qeyd edib ki, məsuliyyətli kreditləşmə vətəndaşlara kredit verilməsindən imtina etmək deyil:
“Əsas məqsəd vətəndaşın, zaminin və bankın eyni vaxtda daşıya biləcəyi kredit yükünü müəyyənləşdirməkdir. Beləliklə, yeni tələblər borclanmanın təhlükəsiz sərhədlərinin müəyyən edilməsinə və kredit münasibətlərində maliyyə dayanıqlığının qorunmasına xidmət edir».















