Nəzarət istiqamətləri üzrə həyata keçirilən davamlı tədbirlər ölkənin bank sektorunun beynəlxalq reytinqlərinin yaxşılaşmasına əhəmiyyətli töhfə verib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədrinin birinci müavini Əliyar Məmmədyarov "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, maliyyə sektorunun gələcək inkişafında rəqəmsal hazırlıq səviyyəsinin artırılması Mərkəzi Bankın diqqət mərkəzindədir:
"Hazırda Mərkəzi Bank 2027-2030-cu illəri əhatə edən maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə dövlət proqramı üzərində işləyir.
Proqramın əsas məqsədi Azərbaycanı regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişlərin əhatə dairəsini genişləndirməkdir".
Sədr müavini qeyd edib ki, müasir dünyada neyroşəbəkələr və süni intellekt bankların fəaliyyətində artıq eksperiment olmaqdan çıxaraq əsas əməliyyat proseslərinin tərkib hissəsinə çevrilir:
"Lakin bu sistemlərin sürəti və mürəkkəbliyi artdıqca, mümkün səhvlərin yaratdığı risklər də yüksəlir.
Süni intellekt və neyroşəbəkələrdən danışarkən bir mühüm prinsipi qeyd etmək istərdim: texnologiyalar özlüyündə neytral deyil. Alqoritm qərəzsiz hakim deyil, o, onu yaradanların məqsədlərini və tərtibatçıların sistemə daxil etdiyi fərziyyələri əks etdirir.
Əgər süni intellektdən yalnız xərcləri azaltmaq və insan faktorunu tamamilə aradan qaldırmaq məqsədilə istifadə olunarsa, bu, effektivliyin artırılmasına deyil, sistem risklərinin toplanmasına gətirib çıxara bilər".
"Məhz bu kontekstdə bankların risk profillərinə nəzər saldıqda model risklərinin ön plana çıxdığını görürük. Belə ki, qeyri-dəqiq və ya yanlış tətbiq olunan riyazi və süni intellekt modelləri bankları maliyyə itkiləri, səhv idarəetmə qərarları və reputasiya riskləri ilə üz-üzə qoya bilər.
Bu səbəbdən 2027-ci ildə Mərkəzi Bankın əsas nəzarət prioritetləri sırasında model riskləri də yer alacaq. Bu risklər kredit və əməliyyat riskləri ilə eyni səviyyədə diqqətdə saxlanılacaq.
Hörmətli forum iştirakçıları, bank sektorunun inkişafının təmin edilməsi və müasir dövrün yaratdığı yeni çağırışlara cavab verilməsi qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi və birgə fəaliyyət nəticəsində mümkündür. Əminəm ki, bu forum mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcək", - deyə o, əlavə edib.















