Ölkənin aparıcı banklarından olan "Yelo Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini Günay Cəlilova gələcəyin bankının üç əsas prinsipini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, o, bu barədə "X Beynəlxalq Bankçılıq Forumu"u çərçivəsində panel müzakirədə məlumat verib.
Sədr müavini xatırladıb ki, hazırda müştərilər artıq müxtəlif xidmətlərdən istifadə etməklə ödənişlər həyata keçirirlər:" Buraya Apple Pay və Google Pay kimi mobil ödəniş vasitələri də daxildir. Hazırda ölkəmizdə hər iki ödənişdən biri Apple Pay və Google Pay vasitəsilə həyata keçirilir.
Bununla yanaşı, bir çox ölkələrdə toxunuşsuz, barmaq izi və üz tanıma texnologiyaları ilə ödənişlər də geniş yayılıb. Bunlar müxtəlif ödəniş vasitələridir".
Günel Cəlilova deyir ki, burada əsas məsələ hansı elektron pul kisəsinin yaradılması və ya onun kim tərəfindən hazırlanması deyil. Əsas məsələ həmin elektron pul kisəsinin arxasında hansı bankın dayanmasıdır. Müştəriyə hansı bank xidmət göstərir və müştəri hansı bankı seçir?
Onun sözlərinə görə, müştərinin bankdan gözləntilərini müəyyən edən üç əsas amil var:
"Birinci amil sürətdir. Müştəri kredit və ya hər hansı digər məhsul əldə etmək istədikdə, həmin xidməti ona məhz bank təqdim edir. Burada əsas məsələ bankın istənilən məhsulu və xidməti müştəriyə nə qədər tez təqdim etməsidir. Artıq dəqiqələri deyil, hətta saniyələri hesablayırıq. Müştərinin istədiyi xidmətə daha qısa müddətdə çatması üçün prosesləri necə sürətləndirmək olar? Bu, müştəri üçün çox vacibdir.
İkinci amil müştərini tanımaqdır. Əvvəllər banklar müştərinin keçmiş davranışlarını təhlil edərək ona uyğun təkliflər hazırlayırdılar. İndi isə banklar və şirkətlər müştərinin davranışları əsasında onun gələcəkdə hansı seçimləri edəcəyini əvvəlcədən müəyyənləşdirməyi bacarmalıdırlar.
Hətta McKinsey şirkətinin bu il apardığı araşdırmaya əsasən, davranış modellərindən istifadə edən banklarda müştərilərin bankla əlaqəsi 25-30% artır. Bu yanaşma bank üçün də 10-15% əlavə dəyər yaradır.
Üçüncü və çox vacib amil isə Elvin bəyin də çıxışında xüsusi vurğuladığı təhlükəsizlik və etibardır. Müştəri üçün problem yarandıqda, məsələn, səhv köçürmə etdikdə, hara müraciət edəcəyini bilməsi vacibdir".
"Bu gün Apple Pay və Google Pay vasitəsilə ödənişlər etsək də, hər hansı problem yarandıqda, səhv ödəniş və ya pul köçürməsi etdikdə yenə də banka müraciət edirik. Müştəri bilməlidir ki, onun pulu və istifadə etdiyi xidmət etibarlı əllərdədir. Banka olan inam və problemlərin operativ həlli müştəri üçün olduqca vacibdir.
Sadalanan bütün bu məqamlar böyük texnoloji imkanlar tələb edir. Lakin bu, o demək deyil ki, bütün banklar həmin texnologiyaları öz daxilində hazırlamalı və inkişaf etdirməlidir. Çünki bu proses böyük maliyyə vəsaiti, kadr resursları və digər imkanlar tələb edir.
Bankların bunun üçün alternativləri var. Onlar fintech şirkətləri ilə əməkdaşlıq edə, birgə layihələr həyata keçirə və prosessinq mərkəzlərinin imkanlarından yararlana bilərlər", - deyə İdarə Heyətinin sədrinin müavini əlavə edib.















