Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, müəyyən şərtlərə cavab verən kiçik sahibkarlar beş il ərzində hesablanmış gəlir və ya mənfəət vergisinin 25 faizi həcmində güzəşt əldə edə biləcəklər.
Bir sıra vergi güzəştlərinin müddəti uzadılır
FED.az xəbər verir ki, güzəştdən yararlanmaq üçün sahibkar kiçik sahibkarlıq subyekti kimi ən azı iki il fəaliyyət göstərməli və vergi borcu olmamalıdır.
Digər şərt isə illik dövriyyənin əvvəlki illə müqayisədə 30 faizdən çox azalmamasıdır. Güzəştin tətbiqi üçün müvafiq vergi ilində əmək münasibətləri üzrə pozuntuya da yol verilməməlidir.
Layihədə göstərilən nümunəyə görə, bir müəssisənin dövriyyəsi 2026-cı ildə 500 min manat, 2027-ci ildə isə 700 min manat olub. Müəssisənin 2027-ci ildə 300 min manat xərci nəzərə alındıqda, 400 min manat mənfəət üzrə 80 min manat vergi hesablanır. Müəssisə güzəştin şərtlərinə cavab verərsə, hesablanmış vergi 20 min manat azalacaq və büdcəyə 60 min manat ödəniləcək.
Təklifin məqsədi kiçik biznesin fəaliyyətini dəstəkləmək və rəsmi məşğulluğun qorunmasına şərait yaratmaqdır.













