Azərbaycanın ən böyük bank olmayan kredit təşkilatlarından (BOKT) olan “FİNCA Azerbaijan” MMC istiqraz buraxır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 50 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlardan gedir.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 15% təşkil edir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 aydan bir ödəniləcək. İstiqrazların tədavül müddəti 18 ay təşkil edir.
İstiqraz buraxılışının anderrayteri “PAŞA Kapital” İnvestisiya Şirkətidir.
Qeyd edək ki, “FİNCA Azerbaijan” BOKT mənfəətlə işləyən BOKT-lardandır. Belə ki, şirkət bu ilin 6 ayın 998,5 min manat xalis mənfəət açıqlayıb. 2025-ci ildə isə şirkət 1,6 milyon manat xalis mənfəət əldə edib.
Hesabat dövrünün sonunda BOKT-un aktivləri artaraq 75,3 milyon manata, öhdəlikləri azalaraq 56,9 milyon manata düşüb. Şirkətin cəmi kapitalı 18,5 milyon manata bərabər olub.














