Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda maliyyə institutlarının nümayəndələrinin, gənc sahibkarların və beynəlxalq maliyyə tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə “Biznesdə Gənclər” proqramının Azərbaycanda rəsmi təqdimatını keçirib.
AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən - DƏSTƏK VERİR
FED.az xəbər verir ki, AYİB-in yaydığı məlumatda bildirilir ki, Avropa İttifaqının (Aİ) dəstəyi ilə həyata keçirilən proqram gənc sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini və bizneslərinin inkişafının dəstəklənməsini hədəfləməklə ölkədə özəl sektorun gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Tədbir çərçivəsində iştirakçılara proqramın əsas məqsədləri barədə məlumat verilib, gənc sahibkarların qarşılaşdıqları əsas çətinliklər, eləcə də onların maliyyə resurslarına və məsləhət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mövcud imkanlar və həll yolları müzakirə olunub.
AYİB, həmçinin həyata keçirdiyi bazar qiymətləndirməsi üzrə tədqiqatın nəticələrini təqdim edib. Tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda gənc sahibkarlar əhəmiyyətli, lakin hələ də tam reallaşdırılmamış bazar potensialına malikdirlər. Bu seqment üzrə potensial kredit tələbatının 1,5 milyard ABŞ dolları həcmində olduğu qiymətləndirilir.
AYİB-in “Biznesdə Gənclər” proqramı 35 yaşınadək sahibkarlara məxsus olan və ya onların idarəçiliyində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) inkişafını dəstəkləməyə yönəlib. Proqram yerli tərəfdaş maliyyə institutları vasitəsilə təqdim olunan maliyyə resurslarını qeyri-maliyyə dəstəyi ilə birləşdirərək gənc sahibkarların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, bizneslərinin rəqabət qabiliyyətinin artırılmasına və yeni inkişaf imkanlarından səmərəli şəkildə yararlanmalarına töhfə verir.
Proqram çərçivəsində Azərbaycanda maliyyələşdirmə fəaliyyətinə artıq start verilib. Belə ki, 2025-ci ilin dekabr ayında AYİB tərəfindən AccessBank-a 20 milyon ABŞ dollarınadək (17,1 milyon avro) kredit vəsaiti ayrılıb. Bu maliyyələşdirmə Azərbaycanda “Biznesdə Gənclər” proqramı çərçivəsində həyata keçirilən ilk investisiya olmaqla, gənc sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım olub.
Avropa İttifaqı bu investisiyanı Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plus (EFSD+) proqramı vasitəsilə dəstəkləyir, və gənc sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, eyni zamandaonların kreditləşdirilməsinin təşviqi məqsədilə kredit risklərinin azaldılmasına yönəlmiş, mümkün ilkin itkilərin qarşılanmasını nəzərdə tutan risk təminatı mexanizmi təqdim olunur. Məsləhət xidməti Avropa ittifaqının dəstəyi ilə maliyyələşdirilir.
AYİB-in Qafqaz üzrə Regional Rəhbəri Tomas Kairys bildirib: “Sürətlə dəyişən dünyada yeni şəraitə uyğunlaşmaq, innovativ yanaşmalar tətbiq etmək və yaranan imkanlardan faydalanmaq bacarığı hər zamankından daha böyük əhəmiyyət daşıyır. Gənc sahibkarlar yeni ideyaları, yüksək ambisiyaları və inkişaf etmək əzmləri ilə bu prosesdə mühüm rol oynayırlar. AYİB olaraq məqsədimiz yeni nəsil sahibkarları dəstəkləməklə Azərbaycanın bu potensialından səmərəli istifadə etməsinə, daha şaxələndirilmiş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə verməkdir. Biz istəyirik ki, bu imkanlar ölkənin bütün bölgələrində, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin və biznes təşəbbüslərinin formalaşdığı regionlarda fəaliyyət göstərən sahibkarlar üçün əlçatan olsun.”
Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Marijana Kujundžić bildirib: “Biznesdə Gənclər – Qafqaz Proqramı yalnız sahibkarlığın dəstəklənməsi ilə məhdudlaşmır, daha geniş iqtisadi və sosial məqsədlərə xidmət edir. İnanırıq ki, müvafiq dəstək və imkanlar yaradıldığı təqdirdə, gənc sahibkarlar yeni iş yerlərinin açılmasına, bazara innovativ həllərin təqdim edilməsinə, yerli icmaların inkişafına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verə bilərlər. Bu baxımdan, gənc sahibkarlığın inkişafına sərmayə qoyuluşu həm iqtisadi, həm də sosial baxımdan mühüm prioritetdir. Bu, yeni imkanların yaradılmasına, gənclərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə və Azərbaycanın uzunmüddətli rifahına qoyulan sərmayədir.”
Gənc sahibkarlar Azərbaycanın qeyri-neft sektorunun inkişafında, innovasiyaların təşviqində və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayırlar. Bununla belə, uyğun maliyyə resurslarına və biznesin inkişafı üzrə dəstək xidmətlərinə çıxışda mövcud olan çətinliklər onların uğurlu biznes qurmaq və fəaliyyətlərini genişləndirmək imkanlarını məhdudlaşdıra bilər.
AYİB yerli maliyyə institutları ilə əməkdaşlıq vasitəsilə bu maneələrin aradan qaldırılmasına dəstək verməyi, eyni zamanda gənc sahibkarların ehtiyaclarına uyğunlaşdırılmış maliyyə məhsul və xidmətlərinin inkişafını təşviq etməyi hədəfləyir.
Bu təşəbbüs AYİB-in Mərkəzi Asiya, Türkiyə,Qərbi Balkan, Misir, və Mərakeş ölkələrində gənc sahibkarların dəstəklənməsi sahəsində qazandığı təcrübəyə əsaslanır.
AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. Bank indiyədək ölkədə 200-dən çox layihəyə ümumilikdə 3,8 milyard avro həcmində investisiya yatırıb. AYİB-in Azərbaycandakı fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinə, qeyri-neft özəl sektorunun gücləndirilməsinə və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsinə yönəlib.













