"Bəziləri hesab edir ki, artıq super tətbiqlər (super app) əvvəlki qədər əhəmiyyət daşımır. Mən də bu fikirlə qismən razıyam. Lakin mobil tətbiqlərin əsas funksiyası müştərinin gündəlik bank əməliyyatlarını vahid platformaya daşımaqdır. Çünki müştəri artıq bankı məhz mobil tətbiq vasitəsilə tanıyır və onun xidmətlərindən istifadə edir".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "Unibank" ASC-nin İdarə Heyəti sədrinin müavini, Pərakəndə bankçılıq və marketinq üzrə baş direktor İlkin Quliyev "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Baş direktor qeyd edib ki, digər tərəfdən, biz elə bir regionda yaşayırıq ki, müştəri ilə bankir arasında birbaşa ünsiyyətin hələ uzun müddət əhəmiyyətini qoruyacağını düşünürəm:
"Rəqəmsallaşma prosesi getdikcə sürətlənir və bunun qarşısını almaq mümkün olmadığı kimi, buna ehtiyac da yoxdur. Çünki rəqəmsallaşma ilk növbədə müştəri rahatlığına xidmət edir. Bununla belə, müştərilərin fərdi yanaşmanı, şəxsi ünsiyyəti hiss etməyə ehtiyacı qalacaq. Düşünürəm ki, yaşadığımız regionun özünəməxsus xüsusiyyətləri də bunu zəruri edir.
Bundan əlavə, mobil bankçılıqla yanaşı, bank sistemlərinin digər korporativ sistemlərlə inteqrasiyası da vacibdir. Texnoloji istiqamətə rəhbərlik edən həmkarım bu barədə daha ətraflı danışacaq. Ancaq onu qeyd edim ki, burada yalnız API təqdim etməklə iş bitmir. Hesab edirəm ki, sadəcə API təqdim edən və Open Banking istiqamətində bununla kifayətlənən banklar uğur qazana bilməyəcək. Bu sahədə fərdiləşdirmə və məlumatların müştərinin ehtiyaclarına uyğunlaşdırılması xüsusi əhəmiyyət daşıyacaq".
Onun sözlərinə görə, ümumilikdə, API infrastrukturunun qurulması, əsas bank sistemlərinin modernləşdirilməsi və digər texnoloji yeniliklər artıq bugünün tələbidir:
"Buna görə də ilkin investisiyalar məhz bu istiqamətlərə yönəldilməlidir. İnvestisiyalardan danışarkən, bir bankir kimi düşünürəm ki, qarşımıza qoymalı olduğumuz əsas suallardan biri budur: biz hansı istiqamətlərə investisiya etməliyik və bu gün əsas rəqibimiz kimdir?
Məncə, bu gün bankların ən böyük rəqibi digər banklar deyil, nağd puldur. Təbii ki, banklar arasında sağlam rəqabət mövcuddur və bu, iqtisadiyyatın inkişafı baxımından vacibdir. Lakin əsas məqsəd nağdsız ödənişlərin genişləndirilməsi və nağd vəsaitdən istifadənin azaldılması olmalıdır.
Bu istiqamətdə artıq xeyli iş görülüb, dövlət tərəfindən də müxtəlif layihələr həyata keçirilir. Məsələn, “ƏDV geri al” layihəsini qeyd edə bilərik. Bütün bu təşəbbüslərin uğurlu olması üçün müvafiq infrastrukturun qurulmasına və investisiyaların həyata keçirilməsinə ehtiyac var. Məhz rəqəmsallaşma, ilkin mərhələdə Open Banking, eləcə də IPS istiqamətləri üzrə investisiyalar bu baxımdan əhəmiyyətlidir.
Düşünürəm ki, investisiya qərarları verilərkən bankların idarə heyətləri və top menecmenti özlərinə bir mühüm sual verməlidirlər: bu investisiyanı həyata keçirdikdən sonra müştərinin gündəlik bankçılığında mənim bankımın, komandamın və mobil tətbiqimin yeri harada olacaq?
Məhz bu suala aydın cavab olduqdan sonra investisiyalara başlamaq olar. Əlbəttə, burada mövcud resursları da nəzərə almaq lazımdır. Bank sektorunda resurslar hər zaman məhduddur. Buna görə də hər bir investisiya qərarından əvvəl onun müştərinin bankla gündəlik münasibətlərinə necə təsir edəcəyi qiymətləndirilməlidir".
"Bu məsələdə strategiyadan, səhmdarların və digər maraqlı tərəflərin (stakeholder) baxışından da çox şey asılıdır. Ancaq konkret trendlər və investisiya prioritetləri barədə danışırıqsa, ilk növbədə Open Banking-ə hazırlığı qeyd edərdim. Bu hazırlıq çərçivəsində IPS, eləcə də QR ödənişləri kimi istiqamətlərə diqqət yetirilməlidir.
Düzdür, QR ödənişləri hazırda əhali arasında o qədər də populyar deyil. Bununla belə, bu istiqamətə yatırılan investisiyalar gələcəkdə daha böyük texnoloji layihələrin həyata keçirilməsi üçün hazırlıq mərhələsi kimi qiymətləndirilə bilər", - deyə o, əlavə edib.















