"Azərbaycan Mərkəzi Bankı bu il üçillik strategiyanı müsbət və güclü göstəricilərlə başa çatdırır".
Gələn ildən bank əmanətləri vergiyə cəlb ediləcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədrinin birinci müavini Əliyar Məmmədyarov "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, cari ilin ilk 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb:
"Bununla yanaşı, kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı keçib.
İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşıb. Əhalinin banklardakı əmanətləri isə 15%-ə yaxın artaraq tarixi rekord həddə – 18,7 milyard manata çatıb.
Son illərdə bank sektoru üzrə unikal əmanətçilərin sayında da artım müşahidə olunur. 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçilərin sayı 2,2 dəfə artaraq 235 mini ötüb.
Əhalinin əmanətlərində dollarlaşma səviyyəsi də azalmaqdadır. Hazırda əhalinin əmanətlərinin cəmi 28%-i xarici valyutadadır. Düşünürəm ki, bütün bunlar bank sektoruna olan etimadın ən bariz göstəriciləridir".
Sədr müavini qeyd edib ki, bank sisteminin dayanıqlılıq göstəriciləri də yüksək səviyyədə qalır:
"Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sisteminin əsas göstəricilərindən biri olan kapital adekvatlığı əmsalı 17%-dən yüksəkdir. Bu göstərici tənzimləyici tələblərimizi əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl formalaşdırır. Bununla belə, ötən illərdə baş vermiş qlobal böhranların təcrübəsi göstərir ki, məhz sabitliyin hökm sürdüyü dövrdə bank sektorunun qarşısında dayanan yeni çağırışları obyektiv qiymətləndirmək vacibdir".
"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi maliyyə bazarlarında oyun qaydalarını köklü şəkildə dəyişir. Bu isə kapital tələbləri kimi ənənəvi risklərin azaldılması tədbirləri ilə yanaşı, texnoloji və kiber risklərə qarşı nəzarət mexanizmlərinin də daha sürətlə tətbiqini zəruri edir.
Bununla əlaqədar tənzimləyici qurumların qarşısında iki əsas sistemli çağırış formalaşır. Birinci çağırış risklərin xarakterinin mürəkkəbləşməsidir. Belə ki, ənənəvi maliyyə riskləri ilə yanaşı, əməliyyat, texnoloji və hətta iqlim risklərinin əhəmiyyəti artır. İkinci çağırış isə sosial mühəndislik və məlumat sızması riskləridir. Bu risklər insanların maliyyə sisteminə olan etimadı üçün birbaşa təhdidə çevrilir.
Bu çağırışlara cavab olaraq Mərkəzi Bank maliyyə sisteminin dayanıqlılığı ilə inkişafı arasında düzgün balans yaratmağı, innovasiyaların həddindən artıq nəzarətlə məhdudlaşdırılmasının qarşısını almağı hədəfləyir", - deyə o, bildirib.















