Sığorta müqaviləsi bağlamazdan əvvəl onun şərtləri ilə diqqətlə tanış olmaq gələcəkdə yarana biləcək anlaşılmazlıqların qarşısını almağın ən etibarlı yoludur.
Müqaviləni imzalamazdan əvvəl nələri yoxlamaq lazımdır?
- Sığorta təminatının əhatə dairəsi: Hansı risklərin və hallarının sığorta təminatına daxil olduğunu dəqiq müəyyənləşdirin.
- İstisnalar: Təminata daxil olmayan hallar əvvəlcədən öyrənilməlidir, çünki sığorta hadisəsi zamanı ən çox anlaşılmazlıq məhz bu məsələ üzrə yaranır.
- Ödəniş şərtləri: Sığorta haqqının məbləği, ödəniş qaydası və müddətini diqqətlə yoxlayın.
Bununla yanaşı, sığorta məhsulunun əsas şərtlərini əks etdirən yaddaş vərəqini oxumaq tövsiyə olunur. Bu sənəd təminata daxil olan və olmayan halları sadə və qısa şəkildə təqdim edərək müştərilərə düzgün qərar verməyə kömək edir.
Narazılıq yarandıqda hara müraciət etməli?
Sığorta xidməti ilə bağlı narazılıq yarandıqda ilk növbədə sığorta şirkətinə müraciət edilməlidir. Məsələ bu mərhələdə həllini tapmadıqda, Azərbaycan Respublikasının Mərkəzi Bankına şikayət göndərmək mümkündür.
Unutmaq olmaz ki, müqavilənin şərtlərini əvvəlcədən bilmək hüquqlarınızı qorumağın ilk addımıdır.















