Bu ilin ilk 9 ayında xalis xarici aktivlər 6 milyard manatdan çox, kreditlər 4,6 milyard manat artıb.
Taleh Kazımov: "Büdcə xərcləri inflyasiyaya ciddi təsir göstərmir"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "X Beynəlxalq Bankçılıq Forumu"nda deyib.
Onun sözlərinə görə, xalis daxili aktivlərin iki əsas komponenti var:
"Birincisi, bank sektorunun iqtisadiyyata tələbləri, yəni kreditlərdir. İkincisi isə hökumətə qarşı tələblərdir. Başqa sözlə, dövlət büdcəsinin profisiti və xəzinə qalığıdır.
Kreditlərin artması pul kütləsini genişləndirir, hökumətə qarşı tələblər isə əksinə, onu azaldıcı təsir göstərir.
Bu ilin ilk 9 ayında kreditlər təxminən 4,6 milyard manat artıb. Beləliklə, bir tərəfdən xalis xarici aktivlər 6 milyard manatdan çox, digər tərəfdən isə kreditlər 4,6 milyard manat artıb. Ümumilikdə, bu iki göstərici üzrə artım 10,6 milyard manat təşkil edib. Bunun müqabilində ümumi daxili məhsulun nominal həcmi cəmi 7 milyard manat artıb".
Vüsal Qasımlı qeyd edib ki, belə olan halda yaranan fərqin tənzimlənməsi vacibdir:
"Əks təqdirdə, bu vəziyyət inflyasiya təzyiqləri yarada bilər.
Bunun üçün hökumətə qarşı tələbləri artırmaq, başqa sözlə, büdcə profisiti və xəzinə qalığı vasitəsilə likvidliyi azaltmaq lazımdır. Məhz buna görə də ilin ilk 9 ayının nəticələrinə əsasən, Azərbaycan dövlət büdcəsində profisit qeydə alınıb. Xəzinə qalığı da likvidliyin azaldılmasına xidmət edir.
Beləliklə, makroiqtisadi baxımdan əsas məqsəd geniş pul kütləsi (M3) ilə ümumi daxili məhsulun nominal həcmi arasında tarazlığın qorunmasıdır".













