Azərbaycanın məşhur biznes qruplarından olan «AQA şirkətlər Qrupu»na məxsus olan «City Finance BOKT» MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bu şirkəti digər əksər BOKT-lardan fərqləndirən – güclü sahibini olması ilə yanaşı, «qohum» şirkətdən böyük məbləğdə faizsiz borc götürmək imkanıdır. Bu məqam şirkətin fəaliyyətinə və nəticələrinə ciddi təsir göstərir.
Hesabata əsasən 2022-ci ildə şirkətin faiz gəlirləri 5 milyon 518 min manat, kreditlər üzrə ödədiyi faiz xərcləri 136 min manat olub.
Nəticədə BOKT-un xalis faiz gəlirləri 5 milyon 382 min manat təşkil edib. Əvvəlki il bu məbləğ təqribən 2 dəfə az - 2 milyon 795 min manat idi.
Xalis faiz gəlirinin 100 min manatı məcburi ehtiyatlara ayrılıb və xalis gəli 5 milyon 282 min manata düşüb.
2022-ci ildə “City Finance BOKT"un inzibati xərcləri 2 dəfəyə yaxın artaraq 1 milyon 367 min manat olub.
Haqq və komissiya xərclərinə isə 87 min manat sərf edilib.
Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 3 milyon 825 min manat təşkil edib. 765 min manat mənfəət vergisi ödənişindən sonra şirkətin 2022-ci il üzrə xalis mənfəəti 3 milyon 60 min manat təşkil edib. 2021-ci ildə isə bu rəqəm 1 milyon 590 min manat olmuşdu.
2022-ci ildə «City Finance BOKT» şirkətinin aktivləri 24,7 milyon manat təşkil edib. Aktivlərin böyük hissəsi - 23,7 milyon manatı kredit portfelinin payına düşür. Son bir ildə kredit portfeli 5,8 milyon manat, yaxud 33%-ə yaxın artıb.
Yeri gəlmişkən, aktivlərin milyonlarla ölçülməsin baxmayaraq «City Finance BOKT»un cəmi 31 min manatlıq əmlakı var. Şirkətin öhdəlikləri isə 26%, yaxud 3 milyon manata yaxın artaraq 14,5 milyon manata yüksəlib.
Öhdəliklərin 1,9 milyon manatını müddətli borc öhdəlikləri təşkil edir. Hesabatdan aydın olur ki, «City Finance BOKT»un 2021-ci ildə dollarla alınmış iki kredit borcu olub - 700 min dollar və 770 min dollar. Kreditlər illik 5,3%-lə verilmişdi.
2022-ci ilin sonunda «City Finance BOKT» bu borcları bağlayaraq 4 fərqli tranşla ümumilikdə 1,9 milyon manatlıq manat kreditləri götürüb. Bu kreditlər 3 tranşı hər biri 500 min manat, daha bir tranş isə 438 min manat olub. «City Finance BOKT» manat kreditlərini illik 11%-lə götürüb.
Borc öhdəlikləri ilə bağlı diqqəti çəkən daha bir məqam, «City Finance BOKT»un «qohum» şirkət olan «Ferrum Kapital» QSC-dən (bu şirkət də «AQA Qrup»a məxsusdur) 12 milyon manat faizsiz borc almasıdır. 2021-ci ildə bu rəqəm 8,6 milyon manat idi, 2022-ci ilin sonuda isə daha 3,4 milyon manat artaraq 12 milyon manatı keçib.
«Ferrum Kapital» QSC-dən alınan borc «City Finance BOKT»un kredit portfelinin təqribən yarısını təşkil edir – 2021-ci ildə də belə idi.
2022-ci ildə «CityFinance BOKT»un kapitalı 3 milyon min manat və ya 43,1% artaraq 10,15 milyon manata yüksəlib. Nizamnamə kapitalında dəyişiklik olmayıb - 5 milyon manat. Bölüşdürülməmiş mənfəətin həcmi isə 3 milyon 60 min manat artıb və 2022-ci ildə 5 milyon 154 min manat olub.
Xatırladaq ki, «CityFinance BOKT»un səhmlərinin 72,5%-i «AQA şirkətlər Qrupu»na, 27,5% isə Habib Zadeh Mohammad Reza Parvizə məxsusdur.