Bakının Yasamal rayonunda “Comfort Hotel”in fəaliyyət göstərdiyi dördmərtəbəli bina hərraca çıxarılıb. Əmlakın ilkin satış qiyməti 2 milyon 405.7 min manat müəyyən edilib.
“Aqrarkredit” BOKT Bakıda dəyəri 1.6 milyon manatdan çox olan əmlaklarını satışa çıxarır - SİYAHI
FED.az xəbər verir ki, bu barədə məlumat Elektron Hərrac Portalında yerləşdirilib.
Satışa çıxarılan qeyri-yaşayış binası Yasamal rayonu, 3148-ci məhəllə, Mirəli Seyidov küçəsi, 37C ünvanında yerləşir. Binanın ümumi sahəsi 1 643,6 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 308,4 kvadratmetrdir.
Dörd mərtəbədən və 40 otaqdan ibarət binanın orta təmirli olduğu bildirilir. Əmlakın hüquqmüəyyənedici sənədi çıxarışdır. Hərrac elanında binanın hazırda otel kimi fəaliyyət göstərdiyi qeyd olunur.
Yerli mətbuatın məlumatına görə, əmlakın ilkin qiymətləndirmə dəyəri 2 milyon 830 min 200 manat təşkil edib. Hərrac üçün müəyyən edilən başlanğıc qiymət bu məbləğdən 424 530 min manat və ya 15% aşağıdır.
Hərrac 10 dekabr 2026-cı il saat 10:00-da başlayacaq. İlkin hərrac elektron qaydada keçiriləcək və 7 təqvim günü davam edəcək.
Araşdırmalar göstərir ki, sözügedən ünvanda fəaliyyət göstərən otel “Comfort Hotel” adı ilə tanınır. Otel beynəlxalq rezervasiya platformalarında da təqdim olunur.













