Dekabrın 23-də Azərbaycanın 11 rayonunda yerləşən 30 bələdiyyə torpaq sahəsi üzrə hərrac keçiriləcək. Torpaqların 3-ü satışa, 27-si isə 15 il müddətinə icarəyə çıxarılır.
“Aqrarkredit” 23 lot üzrə əmlak və 5 şirkət üzrə borc tələb hüquqlarını satışa çıxarır - SİYAHI
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, hərraclar saat 15:00-da başlayacaq. İştirak üçün ərizələr 23 noyabr–21 dekabr 2026-cı il tarixlərində qəbul ediləcək.
Satışa çıxarılan torpaq sahələri Goranboy, Gədəbəy və Beyləqanda yerləşir. Goranboyun Aşağı Ağcakənd qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulan 270 kvadratmetr torpağın ilkin qiyməti 3 510 manatdır.
Gədəbəyin Qurudərə kəndində sahibkarlıq məqsədilə 240 kvadratmetr torpaq 7 200 manata, Beyləqan şəhərində isə eyni məqsədlə 69 kvadratmetr sahə 3 839 manat 85 qəpiyə satışa çıxarılır.
İcarəyə verilən sahələrin ən böyüyü Biləsuvar rayonunun Səmədabad kəndində yerləşir. Heyvandarlıq üçün nəzərdə tutulan 70,56 hektar torpağın ilkin illik icarə haqqı 7 761 manat müəyyən edilib.
Sabirabadda 14 torpaq sahəsi icarəyə çıxarılır. Quruzma kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan 8 300 kvadratmetrlik sahənin ilkin illik icarə haqqı 141 manatdır. Xankeçən kəndindəki 16,26 hektarlıq əkin sahəsi üçün bu məbləğ 2 927 manat təşkil edir.
Lənkəranın Liman şəhərində 7 hektar torpaq illik 1 806 manata, Goranboyun Muzdurlar kəndində 10,38 hektar sahə isə illik 3 114 manata icarəyə təklif olunur. Hər iki sahə kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulub.
Hərraca çıxarılan digər torpaqlar Zərdab, Ucar, Bərdə, Ağstafa və Şəkidə yerləşir. İştirakçılar dekabrın 22-dək müvafiq ərazi şöbələrində torpaq sahələri və müqavilə layihələri ilə tanış ola bilərlər.













