Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov noyabrın 20-də Gəncədə vətəndaşlarla görüş keçirib.
FED.az xəbər verir ki, Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində baş tutan tədbirdə Gəncə, Samux, Göygöl və Daşkəsəndən olan sakinlər iştirak ediblər.
Qəbuldan əvvəl nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin Gəncədəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tədbir zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.
Adı çəkilən şəhər və rayonların sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Azərişıq” ASC regionlarda yerli sakinlərlə mütəmadi olaraq görüşlər təşkil edir. Görülən işlər abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənir.

















