"Azərbaycan Hava Yolları” QSC (AZAL) 2022-ci ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin daşımalar üzrə sair gəlirləri 1 milyard 149 milyon 954 min manat, dövlətdən alınmış subsidiyaların həcmi 108 milyon 809 min manat olub.
Sair gəlirlər son bir ildə 658 milyon 204 min manat (2,3 dəfə), subsidiyaların məbləği isə 9 milyon 900 min manat (10%) artıb.
AZAL-ın əməliyyat xərcləri 500 milyon 933 min manat yəni 92,8% artaraq 1 milyard 40 milyon 625 min manata, maliyyə xərcləri isə 15 milyon 386 min manat (17,7%) artaraq 102 milyon 210 min manata çatıb.
Bundan başqa ticarət debitor borcları və əlaqəli tərəflərdən alınacaq məbləğlər üzrə dəyərsizləşmənin barpasından gəlirləri 39 milyon 815 min manat (əvvəlki il zərər olub), xarici valyuta mübadiləsindən zərəri 5 milyon 815 min manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 39 milyon 308 manat (6,3 dəfə çox) təşkil edib.
Bununla da "Azərbaycan Hava Yolları” QSC (AZAL) 2022-ci ili 110 milyon 620 min manat xalis mənfəətlə başa vurub. Halbuki, AZAL 2021-ci ildən 61 milyon 659 min manat xalis zərərlə çıxmışdı.
Hesabat dövründə AZAL-ın aktivləri 2 milyard 241 milyon 231 min manat olub ki, bu da illik müqayisədə 272 milyon 926 min manat və ya 13,9 % çoxdur. Hesabat dövrünə aviaşirkətin öhdəlikləri 155 milyon 213 min manat və ya 5,4 % artaraq 3 milyard 013 milyon 496 min manata yüksəlib.
Balans kapitalının çatışmazlığı isə 117 milyon 713 min manat və ya 13,2 % azalaraq 772 milyon 265 min manata düşüb.
Yığılmış zərərdə də azalma qeydə alınıb. Belə ki, zərər göstəricisi 1 milyard 767 milyon 498 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 115 milyon 136 min manat və ya 6,1% azdır.