Bakıda məişət tullantılarının yığılmasını həyata keçərin dövlət qurumu – «Təmiz Şəhər» ASC ötən il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il şirkətin gəlirləri 4,8 milyon manat azalaraq 36 milyon 787 min manata enib. Bu 2024-cü ilə nisbətən 11,5% azdır.
Əvəzində ötən il «Təmiz Şəhər»in xərcləri 5 milyon 772 min manat, yaxud illik müqayisədə 16,1% artaraq 41 milyon 630 min manata yüksəlib.
Xərclərin böyük hissəsini əməkhaqları və elektrik enerjisinə xərclənən vəsaitlər tutur. Əmək haqqına 12 milyon 675 min manat, elektrikə 11 milyon 770 min manat sərf edilib. Maaşlara çəkilən xərclər 166 min manat (1,3%), elektrikə çəkilən xərc 835 min manat (7,6%) artıb.
Bundan başqa, ötən il şirkətin sosial təminat xərcləri 2,7 milyon manata, kommunal xərcləri 2,6 milyon manata, material xərcləri 1,4 milyon manata, peşəkar xidmətlərə xərclər 1,1 milyon manata, mənfəət vergisindən başqa digər vergi xərcləri 1 milyon manata bərabər olub.
Şirkət ötən il sığrota xərclərinə 428 min manat, istismar və təmir xərclərinə 367 min manat, icarə xərclərinə 212 min manat, ezamiyyə xərclərinə 111 min manat, ekoloji xərclərə 99 min manat, bank komissiyası xərclərinə 70 min manat, rabitə xərclərinə 22 min manat sərf edib.
Şirkətin xərclərinin artmasının əsas səbəbi digər əməliyyat xərclərinin 68 min manatdan 3 milyon 820 min manata, - yəni 3 milyon 756 min manat və ya 60 dəfə artması hesabına olub.
Yekunda 2025-ci ildə ASC-nin xalis zərəri 5 milyon 666 min manata bərabər olub. Bu, 2024-cü ildəki 1 milyon 667 min manatlıq zərərdən təxminən 4 milyon manat və ya 3,4 dəfə çoxdur.
Zərərin artması şirkətin yığılmış zərərinin 249 milyon 185 min manata yüksəlməsinə səbəb olub. 2024-cü ilin sonunda yığılmış zərər 243,5 milyon manat idi.
“Təmiz Şəhər” ASC son illər o qədər zərər edib ki, indiyədək ona kapital kimi müxtəlif formalarda ayrılan məbləğin – 291 milyon manatdan 249 milyon manatı, yəni 85%-i artıq zərər kimi itirilib.
Zərərlə işləməsi şirkətin kiçilməsinə səbəb olub.
2025-ci ilin sonunda “Təmiz Şəhər” ASC-nin cəmi aktivləri 47 milyon 450 min manata bərabər olub. Bu, 2024-cü ilin sonuna nəzərən 13 milyon 408 min manat (22%) azdır. Aktivlərin azalmasının əsas səbəbi şirkətin pul vəsaitləri və onların ekvivalentlərinin həcminin 33,7 milyon manatdan 25,7 milyon manata düşməsi, yəni təqribən 7 milyon manat və ya 24% azalması olub.
Aktivlərin azalmasının digər bir səbəbi də şirkətin əmlak və avdanlıqlarının dəyərinin 8,4 milyon manat (44%) azalaraq 19 milyon manatdan 10,7 milyon manata düşməsi olub.
Hesabat həm də göstərib ki, “Təmiz Şəhər” ASC ona olan debitor borclarını toplamağa çətinlik çəkir – 2025-ci il ərzində “Təmiz Şəhər” ASC-nin debitor borcları 900 min manatdan 1,5 milyona yüksəlib. Üstəlik ötən il “Təmiz Şəhər” ASC-nin vergilər üzrə artıq ödəmələri 3,7 milyon manata yaxınlaşıb.
Hesabat dövrünün sonunda ASC-nin cəmi öhdəlikləri 5 milyon 675 min manat olub. Bu, 2024-cü ilin sonuna nəzərən 792 min manat və ya 16,2% daha çoxdur. Öhdəliklərin artmasının səbəbi kreditor borcları və digər ödəniləcək vəsaitlər, həmçinin ətraf mühitin qorunması ilə bağlı öhdəliklər üzrə ehtiyatların artması olub. Belə ki, kreditor borcları və digər ödəniləcək vəsaitlərin həcmi 537 min manat (53,9%) artaraq 1 milyon 533 min manata, ətraf mühitin qorunması ilə bağlı öhdəliklər üzrə ehtiyatlar 217 min manat (5,6%) artaraq 4 milyon 104 min manata yüksəlib.
Nəticə olaraq, 2025-ci ilin sonunda “Təmiz Şəhər” ASC-nin cəmi kapitalında 14,2 milyon manatlıq ərimə olub. Şirkətin kapitalı 55 milyon 975 min manatdan 41 milyon 775 min manata düşüb.
Kapitalın bu qədər azalmasının əsas səbəbi yığılmış zərərin artması və digər kapitalın 232,3 milyon manatdan 223,7 milyon manata düşməsi fonunda baş verib. Nizamnamə kapitalı dəyişilməyərək 9,1 milyon manata, digər investisiyalar dəyişilməyərək 58,1 milyon manata bərabər olub.



















