Azərbaycanın vaxtilə ən böyük tikinti şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisi̇ya Korporasiyasi” ASC-nin 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il şirkət zərərlə işləyib, satışlar olmayıb, əməliyyat mənfəəti qeydə alınmayıb.
Hesabata əsasən, 2025-ci ildə «Akkord» şirkəti öz məhsulları deyil, yalnız öz əsas vəsaitlərini satıb. Ötən il əsas vəsaitlərin satışından 474,7 min manat gəlir əldə edib ki, bu da, şirkətin xərclərini qarşılamağa kifayət etməyib. Belə ki, ötən il şirkətin kommersiya xərcləri 2 milyon 570,6 min manat, inzibati xərcləri 17,7 min manat olub.
Xatırladaq ki, 2024-cü ildə şirkətin kommersiya xərcləri 2 milyon 369 min manat, inzibati xərclər 98,2 min maant idi. Yəni illik müqayisədə “Akkord”un kommersiya xərcləri 201,6 min manat (8,5%) artıb, inzibati xərcləri 80,5 min manat (5,5 dəfə) azalıb.
Xərclərin çoxluğu səbəbindən şirkət 2025-ci ili də böyük zərərlə başa vurub. 2025-ci ildə şirkətin zərəri 2 milyon 113,6 min manat təşkil edib. Zərər 2024-cü ilə nəzərən 1 milyon 240 min manat və ya 2,4 dəfə artıb. Qeyd edək ki, 2024-cü ildə vəziyyət nisbətən yaxşı idi - “Akkord”şirkət 2024-cü ili 874 min manat zərərlə tamamlamışdı.
2025-ci ilin sonuna “Akkord”un cəmi aktivləri 474,5 milyon manat olub. Bu, 2024-cü ilə nəzərən 13 milyon manat və ya 2,6% azalıb. Aktivlərin azalmasına səbəb şirkətin öz balansında olan torpaq,əmlak və avadanlıqları satması olub.
2024-cü ildə “Akkord”un 14,2 milyon manatlıq əmlakı vardısa, 2025-ci ildə bu rəqəm 2 milyon 67 min manata düşüb. Yəni 12 milyon 155 min manat və ya 6,9 dəfə azalıb.
Digər aktivlərdə əhəmiyyətli dəyişikliklər baş verməyib, qeyri-maddi aktivlər 340,1 min manat, sair uzunmüddətli maliyyə aktivləri 118,2 milyon manat, ehtiyatlar 39 milyon 868 min manat olub.
Hesabata görə, “Akkord”un 110 milyon manat alacağı borclar var, 2025-ci ilin sonuna bu məbləğdə qısamüddətli debitor borcları yığılıb. Amma həmin borcların alınacağı inandırıcı görünmür, çünki 2024-cü ilin sonunda eyni vəziyyət idi və ötən bir ildə ciddi dəyişiklik olmayıb.
2025-ci ilin sonunda şirkətin cəmi öhdəlikləri 289,5 milyon manat olub. Öhdəliklərin həcmi son bir ildə 12,3 milyon manat (4%) azalıb. 2024-cü ildə bu rəqəm 301,8 milyon manat idi.
Öhdəliklərin azalmasına səbəb qısamüddətli öhdəliklərin 231 milyon manatdan 219 milyon manata düşməsi olub.
Digər öhdəliklər dəyişilməyərək eyni səviyyədə qalıb. Belə ki, “Akkord”un 7,5 milyon manat uzunmüddətli krediti var, hansı ki, hər il faiz hesabalanır. 70 milyon manatlıq qısamüddətli kredit də son bir ildə azalmayıb. Şirkət vergi borclarını da ödəməyib – bir il əvvəlki kimi 836,2 min manat olaraq qalıb.
Yekunda, 2025-ci ilin sonunda “Akkord Sənaye Tikinti İnvestisi̇ya Korporasiyasi” ASC-nin cəmi kapitalı 177,5 milyon manata bərabər olub. Şirkətin kapitalı 2024-cü illə müqayisədə 687 min manat və ya 0,4% azalıb.






![“Akkord”un gəlirləri sıfıra enib, şirkət öz əmlaklarını satır - [red]ZƏRƏRI 2 DƏFƏ ARTIB –HESABAT[/red] | FED.az](/upload/news/small/3319151.jpg)
![“Akkord”un gəlirləri sıfıra enib, şirkət öz əmlaklarını satır - [red]ZƏRƏRI 2 DƏFƏ ARTIB –HESABAT[/red] | FED.az](/upload/news/small/2856733.jpeg)









