Azərbayanda xalça-palaz istehsalı ilə məşğul olan dövlət şirkəti - «Azərxalça» ASC-nin maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə «Azərxalça» ASC zərərlə işləməyə davam edib, nəticədə şirkətin yığılmış zərərləri 24,6 milyon manata yüksəlib.
Açıqlanan maliyyə hesabatına əsasən, 2025-ci ildə «Azərxalça»nın əsas gəliri satışdan olub - 7,8 milyon manatlıq xalça satılıb. Bu 2024-cü illə müqayisədə 2,5 milyon manat və ya 47% artıqdır. Daha 82 min manat isə icarədən və sair gəlirlərdən daxil olub.
Satışın artmasına baxmayaraq, ondan gəlirlər yenə də şirkətin böyük xərclərini qarşılaya bilməyib. Belə ki, 2025-ci ildə «Azərxalça» istehsal üçün istifadə olunan material ehtiyatlarına 1,6 milyon manat, işçilərə əmək haqqı kimi, 5,1 milyon manat, sair əməliyyat xərclərinə 1,5 milyon manat sərf edib. Üstəlik təxminən 700 min manat da amortizasiya xərci olub. Nəticədə «Azərxalça» 2025-ci ili 980 min manat əməliyyat zərəri ilə tamamlayıb.
Yalnız 587 min manat maliyyə gəlirinin olması şirkəti milyonluq zərərdən xilas edib. Şirkət 2025-ci ili 393 min manat xalis zərərlə başa vurub.
Qeyd edək ki, «Azərxalça» yaranandan bəri zərər etməkdədir və şirkətin indiyədək yığılmış zərəri 24,6 milyon manata çatıb.
Belə ki, «Azərxalça» 2021-ci ildə 3,2 milyon manat, 2022-ci ildə 3,4 milyon manat, 2023-cü ildə 1,7 milyon manat, 2024-cü ildə 2,1 milyon manat, 2025-ci ildə isə deyildiyi kimi, 393 min manat zərər edib.
İş o yerə çatıb ki, «Azərxalça» gəlir əldə etmək üçün özünün yük avtomobilərini yük daşıma üçün icarəyə verməyə başlayıb.
2025-ci ildə «Azərxalça»nın aktivləri də azalmaqda davam edib və bir il ərzində 60 milyon manatdan 45 milyon manata enib. Ümumiyyətlə, «Azərxalçanın kiçilməsi artıq 5 ildir ki, davam edir.
Əgər 2021-ci ildə şirkətin cəmi aktivləri 102 milyon manat idisə, 2022-ci ildə bu rəqəm 91 milyon manata, 2023-cü ildə 77 milyon manata, 2024-cü ildə 60 milyon manata, 2025-ci ildə isə 45 milyon manata enib. Başqa sözlə son 5 ildə şirkət 2 dəfədən çox kiçilib.
Şirkətin aktivlərinin azalması əsasən əmlak, tikili və avadanlıqların hesabına baş verir. 2021-ci ildə «Azərxalça»nın 17 milyon manatlıq əmlak, tikili və avadanlıqları, 61 milyon manatlıq tikilməkadə olan binaları (yəni ümumilikdə 78 milyon manatlıq maddi əmlakı) vardısa, 2025-ci ildə şikətin cəmi əmlakları 25 milyon manata düşüb.
Hesabata əsasən hazırda «Azərxalça»nın hzesablarında təqribən 6 milyon manat vəsait var. Şirkət bu pulları hər birində 2 milyon manat olmaqla 3 bankda saxlayır – «Azər Türk Bank» - illik 8,25%-lə, «Kapital Bank» - illik 8%-lə, və «Xalq Bank» - illik 8%-lə.
Aktivlərlə birlikdə «Azərxalça»nın kapitalı da əriyir – 2021-ci ildə şirkətin kapitalı 102 milyon manat olduğu halda, indi bu rəqəm 44 milyon manata düşüb.
Yeri gəlmişkən, «Azərxalça» yarananda onun nizamnamə kapitalı 15 milyon manat idi,
«Azərxalça»nın öhdəlikləri kiçikdir – 2025-ci ilin sonuna cəmi 1,4 milyon manat. Bundan 400 min manat vergi öhdəliyi, 1 milyon manat isə kredit borclarıdır.
2025-ci ildə yaranmış daha bir xoşagəlməz məqam - «Azərxalça»nın debitor borclarının artmasıdır. Şirkəti bir il ərzində 1 milyon manatlıq satışının pulunu geri ala bilməyib.







![120 milyona yaradılan dövlət şirkəti 10 ildir zərərlə işləyir - [red]24 MİLYON MANAT YIĞILMIŞ ZƏRƏR – HESABAT[/red] | FED.az](upload/news/small/908182.jpg)
![120 milyona yaradılan dövlət şirkəti 10 ildir zərərlə işləyir - [red]24 MİLYON MANAT YIĞILMIŞ ZƏRƏR – HESABAT[/red] | FED.az](upload/news/small/3853035.png)
![120 milyona yaradılan dövlət şirkəti 10 ildir zərərlə işləyir - [red]24 MİLYON MANAT YIĞILMIŞ ZƏRƏR – HESABAT[/red] | FED.az](upload/news/small/2797539.png)









