“Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in 2025-ci il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il qurumun gəlirləri 45 milyon 759 min manat olub. Bu, 2024-cü ildəki gəlirlərdən 36 milyon 356 min manat və ya 4,9 dəfə çoxdur. Belə ki, qurum 2024-cü ildə 9 milyon 403 min manat gəlir əldə etmişdi.
Hesabat dövründə qurumun əməliyyat xərcləri 30 milyon 822 min manat olub. Bu, 2024-cü ildəki 5 milyon 878 min manat xərcdən 24 milyon 944 min manat, yaxud da 5,2 dəfə çoxdur.
Xərclərin 13 milyon 827 min manatı təmirə sərf edilib. 2024-cü ildə bu xərclər olmamışdı. 2025-ci ildə abadlaşdırma xərcləri də 8 dəfə və ya 4,7 milyon manat artaraq 5,4 milyon manata yüksəlib.
Əməkhaqqı xərcləri 3 milyon 970 min manat (2,8 dəfə) artaraq 6 milyon 227 min manata, sosial sığorta xərcləri və digər icbari ödənişlər 967 min manat (2,8 dəfə) artaraq 1 milyon 519 min manata yüksəlib.
Ümumiyyətlə 2025-ci ildə “Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-da işlərin genişlənməsi ilə əlaqədar olaraq xərclər bütün istiqamətlərdə artıb. Məsələn, tədbirlərin keçirilməsi ilə əlaqəli xərclər 877 min manat (338 min manat / 63% çox), kommunal xərclər 567 min manat (346,4 min manat / 2,6 dəfə çox), mühafizə xərcləri 383,8 min manat (197 min manat / 2 dəfə çox), inzibati ofis xərcləri 85 min manat (16 min manat / 15,8% az), digər xərclər 396,3 min manat (58,3 min manat / 17,2% çox) olub.
Hesabat dövründə qurumun mənfəət vergisindən əvvəlki mənfəəti 15 milyon 234 min manat, mənfəət vergisi xərci 2 milyon 805 min manat təşkil edib. Yekunda ötən il qurumun xalis mənfəəti 12 milyon 429 min manat olub ki, bu da, illik müqayisədə 11 milyon 256 min manat və ya 4,5 dəfə daha çoxdur. Çünki qurum 2024-cü ili 1,2 milyon manat xalis mənfəətlə tamamlamışdı.
2025-ci ilin sonunda “Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin aktivləri 182,3 milyon manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 25,6 milyon manatlıq aktivlərdən 156,7 milyon manat və ya 7,1 dəfə daha çoxdur.
Əmlak, tikili və avadanlıqlardakı aktivlərin həcmi 133 milyon manat və ya 15,8 dəfə artaraq 142 milyon manata yüksəlib. Pul vəsaitləri və onların ekvivalentlərinin həcmi 5 milyon 227 min manat (35,2%) artaraq 20 milyon manata yüksəlib. Avans ödənişləri 16 milyon 395 min manat (18,5 dəfə) artaraq 17 milyon 330 min manata yüksəlib.
Ötən ilin sonunda dövlət qurumunun cəmi öhdəlikləri 25 milyon manat təşkil edərək, son bir ildə 12,7 milyon manat və ya 2 dəfə artıb. Təxirə salınmış gəlirlər 15 milyon (4 milyon 565 min manat / 43,7% çox), kreditor borcları 4,7 milyon manat (4 milyon 131 min manat / 8,4 dəfə çox) olub.
Nəticə olaraq, 2025-ci ilin sonunda “Xankəndi şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-nin cəmi kapitalı 157 milyon manat olub. Bu, 2024-cü ilin sonundakı 13 milyon manatdan 144 milyon manat və ya 12 dəfə daha çoxdur.
Nizamnamə kapitalı dəyişilməyərək 500 min manat həcmində qalıb. Bülüşdürülməmiş mənfəətin həcmi 12 milyon 430 min manat (5 dəfə) artaraq 15 milyon 603 min manata çatıb. Dövlət investisiyalarının həcmi 131,6 milyon manat (15 dəfə) artaraq 141,1 milyon manata yüksəlib.






![Xankəndində işlər yaxşıdır - Aktivlər 7 dəfə –[red] Xalis mənfəət 5 dəfə artıb - HESABAT[/red] | FED.az](/upload/news/small/1782232.jpg)
![Xankəndində işlər yaxşıdır - Aktivlər 7 dəfə –[red] Xalis mənfəət 5 dəfə artıb - HESABAT[/red] | FED.az](/upload/news/small/4727810.jpeg)







