Azərbaycanda bəzi hallarda sahibkarlar tender sənədlərinin keyfiyyətli şəkildə hazırlanmasında çətinlik çəkir.
"Maliyyə hesabatı verməyən şirkətlərin tenderi ləğv olunub"
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Təchizat Zənciri Liderləri Zirvəsində deyib.
"Bəzi hallarda isə sahibkarların tender şərtlərində göstərilən tələblər üzrə ixtisas göstəricilərinin uyğun gəlmədiyi halda müsabiqədə iştiraka müraciət etdiyinin şahidi oluruq. Həmçinin növbəti mərhələdə təchizatçıların müqavilələrinin idarə olunmasına cəlb etdiyi kadrların bilik və bacarıqlarının istənilən səviyyədə olmadığını tez-tez müşahidə edirik. Müqavilələrin vaxtında və bütün keyfiyyət tələbləri gözlənilməklə icra edilməsi çox mühüm qiymətləndirmə göstəriciləridir. Bununla bağlı biznes sektoru mütləq idarəetmə və kadr potensialını nəzərə almalıdır", - deyə o qeyd edib.
O.Məmmədov sahibkarlar tərəfindən satınalma predmetinin məzmununun dəqiq müəyyənləşdirməsinin önəmini vurğulayıb:
"Hər bir iddiaçı tender sənədlərinin məzmunu ilə tanış olmalı, onlardan nə tələb edildiyini, satınalma prosedurlarının necə həyata keçiriləcəyini tam aydınlaşdırmalıdırlar. Bununla yanaşı, sahibkarlar obyektiv və effektiv seçim üçün təklif etdikləri qiymət və keyfiyyət arasında nisbətin real olması amilini nəzərə almalıdırlar". (Repor)