Azərbaycanın strateji infrastrkutur aktivlərinə ərəb kapitalının daxil olması prosesi başlanılıb.
Ölkənin neft-qaz strategiyasının əsas elementlərindən olan Cənub Qaz Dəhlizi layihəsində payının bir hissəsi Birləşmiş Ərəb Əmirliklərinin XRG SGC LIMITED şirkətinə satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 31 yanvar 2026-cı il tarixində Cənub Qaz Dəhlizi QSC-də dövlətə məxsus olan payın bir hissəsinin XRG-yə satılması ilə bağlı alqı-satqı müqaviləsi imzalanıb.
Qeyd edək ki, «Cənub Qaz Dəhlizi» layihəsi Azərbaycan qazının (gələcəkdə isə Orta Asiya qazının da – FED.az) Türkiyə və Avropaya çatdıran əsas qaz magistralıdır.
«Cənub Qaz Dəhlizi» QSC bir neçə hissədən ibarət olan böyük şirkətdir. Bura Azərbaycanın «Şahdəniz-2», «Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi», «TANAP» və «TAP» kimi layihələrdəki iştirak paylarının idarə və maliyyələşdirilməsi üçün yaradılıb.
Azərbaycanın neft-qaz strategiyasının əsas elementlərindən olan, daha dəqiqi ölkə üçün həyati əhəmiyyətə malik «Cənub Qaz Dəhlizi» sistemi təxminən 3 500 km boru kəməri şəbəkəsini əhatə edir və ildə 26 milyard kubmetrədək qaz nəql etmək gücünə malikdir.
Azərbaycan bu kəmər vasitəsilə Gürcüstan, Türkiyə və Avropa bazarlarına təbii qəz nəql etməklə Avropanın enerji təhlükəsizliyi sistemində mühüm rol oynayır. Qarşıdakı dövrdə Xəzərin o tayından Türkmənistan və Qazaxıstan qazının da bu kəmərlə ixraca barədə təkliflərin səsləndəyini də nəzərə aldıqda, Cənub Qaz Dəhlizi-nin əhəmiyyəti daha da artacaq.
Hazırda «Cənub Qaz Dəhlizi» QSC-nin iki səhmdarı var – SOCAR - 51% və Azərbaycan dövləti adından İqtisadiyyat Nazirliyi - 49%-i. Yeri gəlmişkən, 2 il əvvəl pay nisbəti əksinə idi, yəni «Cənub Qaz Dəhlizi» QSC—nin pay bölgüsündə dövlət 51%, SOCAR 49% paya malik idi. Amma Azərbaycan prezidentinin 10 dekabr 2024-cü il tarixli Sərəncamı ilə dövlətin «Cənub Qaz Dəhlizi» QSC-dəki 2%-lik payının SOCAR-a verilməsi tapşırılıb. Nəticədə pay bölgüsü dəyişib.
«Cənub Qaz Dəhlizi» QSC-in səhmlərinin bir hissəsinin Birləşmiş Ərəb Əmirliklərinin XRG SGC LIMITED şirkətinə satışı bir neçə mərhələdə aparılıb. Belə ki, hələ 2025-ci ilin noyabrında İqtisadiyyat Nazirliyi ilə «XRG» şirkəti arasında Cənub Qaz Dəhlizində payın potensial alınmasına dair ilkin əsas şərtlər razılaşdırılmışdı.
2026-cı il fevralın 2-də isə XRG Azərbaycan dövlətinin Cənub Qaz Dəhlizi QSC-dəki payının bir hissəsinin alınması üçün alqı-satqı müqaviləsi imzalayıb. Həmin vaxt əməliyyatın tamamlanması tənzimləyici və digər şərtlərin yerinə yetirilməsinə bağlanılıb.
İndi isə (BƏƏ yüksək vəzifəli rəsmisinin Azərbaycana səfəri və prezident İlham Əliyevlə görüşündə) tərəflər artıq Səhmdarlar Müqaviləsi imzalayıblar.
FED.az-ın əldə etdiyi məlumata görə, 2026-cı ilin yanvarın 31-də İqtisadiyyat Nazirliyi ilə XRG SGC LIMITED arasında “Cənub Qaz Dəhlizi” nizamnamə kapitalındakı səhmlərin 12,5%-nin dövlət tərəfindən «XRG» şirkətinə satışı barədə müqayilə imzalanıb.
Müqaviləyə əsasən, ərəb şirkətinə “Cənub Qaz Dəhlizi” QSC-nin 12,5%-i satılıb. Satış dövlətin payından edilib, SOCAR-ın payına toxunulmayıb.
Nəticədə indiki vəziyyətə «Cənub Qaz Dəhlizi» QSC-nin artıq 3 səhmdarı var - SOCAR - 51%, Azərbaycan dövləti adından İqtisadiyyat Nazirliyi - 36,5% və "XRG SGC LIMITED" - 12,5%.
Hələlik alqı-satqının məbləği – 12,5%-in hansı məbləğə satışı ilə bağlı məbləğ açıqlanmayıb. Bununla yanaşı qeyd edək ki, bu ilin mart ayında, “Cənub Qaz Dəhlizi” QSC-nin borclarının böyük hissəsi qrafik üzrə ödənilib.
Buraya məbləğləri 1 milyard 18 milyon və 1 milyard 20 milyon dollar olan 2 avrobond üzrə ödənişlər daxildir. Bu ödənişlərin ərəb şirkəti tərəfindən alınan 12,5%-lik payın müqabilində edildiyini iddia etmək çətindir. Amma istisna edilmir ki, həmin ödənişlər nəzəri olaraq alqı-satqı prosesinin bir hissəsi ola bilər.
Ümumilikdə 2025-ci ilin sonuna “Cənub Qaz Dəhlizi” QSC-nin 3 milyard 520 milyon dollar borcu vardı. Ümumi məbləği 2 milyard 39 milyon dollar olan 2 avrobondun ödənişindən sonra borcun məbləği 1 milyard 481 milyon dollara enib.
Xatırladaq ki, «XRG» şirkəti Abu-Dabi əmirliyinin beynəlxalq enerji investisiya platformasıdır və 2024-cü ilin noyabrında yaradılıb. Şirkətin məqsədi BƏƏ-dən kənarda enerji və qaz sahəsində böyük beynəlxalq aktivlərə investisiya qoymaqdır.
Hazırda şirkətin əməliyyat apardığı aktivləri 150 milyard dolları keçir. «XRG» şirkəti üçün Azərbaycan yeni bazar deyil. Şirkət “Cənub Qaz Dəhlizi”ndə pay almazdan əvvəl «Abşeron» qaz-kondensat yatağında da pay alıb.












