Azərbaycanda BYD şirkətinin distribütorlarından olan “Electrify Azərbaycan” MMC şirkətinin mənfəəti 10 dəfə artıb.
BYD dünyanın 100 ən böyük şirkəti sırasına daxil oldu
FED.az biznes və maliyyf xəbərləri portalı nümaynə“Electrify Azərbaycan” MMC və onun törəmə müəssisəsinin 2025-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, 2025-ci ildə qrupun gəlirləri 74 milyon 789 min manat təşkil edib. 2024-cü ildə gəlirlər 87 milyon 781,2 min manat olmuşdu. Beləliklə, gəlirlər 12 milyon 992 min manat və ya 14,8% azalıb.
Buna baxmayaraq, şirkətin mənfəəti kəskin artıb.
2025-ci ildə “Electrify Azərbaycan”ın xalis mənfəəti 4 milyon 812 min manat olub. 2024-cü ildə bu göstərici cəmi 450 min manat idi. Beləliklə, xalis mənfəət 4 milyon 363 min manat və ya 10,7 dəfə artıb.
Şirkətin ümumi mənfəəti də 1 milyon 375 min manatdan 6 milyon 647 min manata, əməliyyat mənfəəti isə 900 min manatdan 5 milyon 256 min manata yüksəlib. Maliyyə xərcləri çıxıldıqdan sonra vergidən əvvəlki mənfəət 4 milyon 928 min manat təşkil edib.
Aktivləri 26 dəfə artıb
Hesabat dövründə biri şirkətin aktivləri kəskin artıb 2024-cü ilin sonunda “Electrify Azərbaycan” qrupunun aktivləri 4 milyon 651 min manat olduğu halda, 2025-ci ilin sonunda bu göstərici 122 milyon 619 min manata yüksəlib, il ərzində aktivlər 26 dəfə artıb.
Aktivlərin əsas hissəsini 60 milyon manat pul vəsaitləri, 53 milyon 175 min manat mal-material ehtiyatları və 7 milyon 700 min manat ticarət və digər debitor borcları təşkil edib.
Müqayisə üçün, 2024-cü ilin sonunda şirkətin pul vəsaitləri cəmi 2 milyon 304,2 min manat, mal-material ehtiyatları isə 1 milyon 164,5 min manat idi.
Öhdəliklər də kəskin artıb
Aktivlərin sürətli böyüməsi ilə yanaşı, şirkətin öhdəliklərində də böyük artım baş verib.
2025-ci ilin sonunda qrupun ümumi öhdəlikləri təxminən 117 milyon 537,5 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici təxminən 4 milyon 381,5 min manat idi.
Xüsusilə ticarət və digər kreditor borcları 114 milyon 900 min manata çatıb. Bir il əvvəl bu göstərici 3 milyon 870 min manat idi.
Bundan başqa, şirkətin 2 milyon 554 min manat borc vəsaiti olub. Bunun 2 milyon 41 min manatı uzunmüddətli, 513,2 min manatı isə qısamüddətli borclardır. İcarə öhdəlikləri isə ümumilikdə 85,5 min manat təşkil edib.
Kapitalı 19 dəfə artıb
“Electrify Azərbaycan” qrupunun kapitalı da əhəmiyyətli dərəcədə yüksəlib.
2024-cü ilin sonunda cəmi kapital 269,3 min manat olduğu halda, 2025-ci ilin sonunda 5 milyon 81,6 min manata çatıb.
Kapitalın demək olar ki, hamısı – 5 milyon 81,5 min manat – bölüşdürülməmiş mənfəətdən ibarətdir. Şirkətin nizamnamə kapitalı isə cəmi 100 manatdır.
Pul vəsaitləri 60 milyon manatı keçib
Şirkətin pul axınında da ciddi dəyişiklik baş verib.
2025-ci ildə əməliyyat fəaliyyətindən 57 milyon 266,2 min manat xalis pul vəsaiti yaranıb. Bir il əvvəl bu göstərici 4 milyon 512,8 min manat idi.
İlin əvvəlində 2 milyon 304,2 min manat olan pul vəsaitləri və onların ekvivalentləri ilin sonunda 60 milyon 148,1 min manata çatıb.
“Electrify Azərbaycan” nə işlə məşğuldur?
Xatırladaq ki, “Electrify Azərbaycan” MMC əsasən elektrik avtobuslarına texniki xidmət göstərilməsi, elektrik nəqliyyat vasitələri üçün enerji doldurma stansiyalarının idarə olunması, onların hazırlanması, həmçinin digər elektrik kommersiya nəqliyyat vasitələrinin satışı ilə məşğuldur.
Onun törəmə müəssisəsi “Azerbaijan Energy Automotive Factory” MMC isə əsasən elektrikli nəqliyyat vasitələrinin və onlarla əlaqəli avtomobil məhsullarının istehsalı, yığılması və satışı ilə məşğuldur. Şirkətin əsas fəaliyyəti elektrik avtobuslarının istehsalı və satışıdır. İstehsal yeri Sumqayıt Texnologiyalar Parkında yerləşir.












