Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.
FED.AZ xəbər verir ki, İclasda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda icrası, kənd təsərrüfatının inkişafı, torpaqlardan səmərəli istifadə, payızlıq əkinlərin aparılması, suvarma, vətəndaş müraciətlərinə baxılması və digər məsələlər müzakirə olunub.
Görüşdə fermerlərlə işin təşkili məsələsinə toxunularaq təsərrüfat sahibləri ilə mütəmadi görüşlərin keçirilməsinin, onların təklif və problemlərinin yerində öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Bu görüşlərin yalnız məlumat mübadiləsi ilə məhdudlaşmaması, qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılaraq nəticəsinin izlənilməsini diqqətə çatdırılıb.
Torpaq ehtiyatlarından səmərəli istifadə məsələsi ilə bağlı bildirilib ki, kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsiz qalmasının qarşısının alınması, əkin dövriyyəsinin genişləndirilməsi və torpaqlardan təyinatına uyğun istifadə olunması daim diqqətdə saxlanılmalıdır.
Suvarma ilə bağlı mövcud vəziyyət müzakirə edilərək əkin sahələrinin su təminatında yaranan çətinliklərin vaxtında müəyyənləşdirilməsi və aradan qaldırılması məsələsinə diqqət çəkilib. Su ehtiyatlarından səmərəli istifadə və mövcud infrastrukturdan düzgün yararlanmanın vacibliyi vurğulanıb.
İclasda vətəndaş müraciətlərinə baxılması məsələsinə də xüsusi diqqət yetirilib. Sakinlərin qaldırdığı məsələlərin mahiyyətinə uyğun araşdırılması, əsassız yubanmaların qarşısının alınması və həlli mümkün olan problemlərin operativ şəkildə aradan qaldırılması ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verilib.
Sonda qaldırılan bütün məsələlərlə bağlı fikir mübadiləsi aparıldı, müzakirə olunan məsələlər üzrə aidiyyəti qurum və struktur bölmələrin qarşısında konkret vəzifələr müəyyənləşdirilib















