Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beynəlxalq terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi ilə bağlı cinayət əməllərinin aşkar edildiyini bildirib.
FED.az DTX-nin Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, araşdırmalar zamanı Cəlal Hacıyevin birbaşa, həmçinin ölkə xaricində olan Azərbaycan vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov, Elgün İsmayılov və digər şəxslər vasitəsilə xaricdə dini radikalizm zəminində silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta ilə maliyyələşdirilməsini təşkil etdiyi müəyyən edilib.
DTX bildirir ki, vəsaitlərin bir hissəsi sosial şəbəkələrdə müxtəlif dini ayinlərin icrası adı altında yayımlanan saxta elanlar vasitəsilə toplanıb. İstintaq zamanı pul vəsaitlərinin mənbəyi və köçürmə mexanizmlərinə dair sübutların əldə edildiyi qeyd olunur.
Digər ölkələrin xüsusi xidmət orqanları ilə keçirilən birgə tədbirlər nəticəsində 5 ölkədə paralel antiterror əməliyyatları aparılıb və qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb. Cinayət işi üzrə istintaq davam edir.












