ABŞ-da dizel yanacağının orta qiyməti tarixi maksimuma çataraq bir qallon üçün 6,29 dollar olub. Bu, 1 litr üçün təxminən 1,66 dollar deməkdir.
FED.az xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının (AAA) son məlumatlarında bildirilir.
Xatırladaq ki, ABŞ-da 1 qallon 3,7854 litrdir.
Qiymət göstəricisi cəmi bir həftə əvvəlki 5,97 dollardan (1 litr üçün təxminən 1,58 dollar) nəzərəçarpacaq dərəcədə yüksəlib. Eyni zamanda adi benzinin də qiyməti artır: AAA-nın məlumatına görə, neftin yüksək qiymətləri və yanacaq bazarında davam edən təzyiq fonunda ölkə üzrə orta qiymət bir qallon üçün təxminən 4,33 dollar (1 litr üçün təxminən 1,14 dollar) təşkil edir. Başqa sözlə, ABŞ-da bunzinin litrinin qiyməti bahalaşdıqdan sonra 1,94 manat olub.
Qiymət artımının səbəbi yanacaq ehtiyatlarının aşağı olması, neft emalı güclərindəki məhdudiyyətlər və qlobal enerji təchizatındakı fasilələrlə əlaqələndirilir. Bahalaşma xüsusilə əhəmiyyətlidir, çünki dizel yükdaşımalarında, kənd təsərrüfatında və tikintidə geniş istifadə olunur. Bu isə xərclərin artmasının bütün iqtisadiyyata yayılması ehtimalını artırır.
«ABC7 News»un məlumatına görə, Kaliforniyada qiymətlər rekord həddə çatıb: ştat üzrə dizelin orta qiyməti bir qallon üçün 8,21 dollar (1 litr üçün təxminən 2,17 dollar) təşkil edib. Müqayisə üçün, ölkə üzrə orta göstərici 6,26 dollar/qallon (təxminən 1,65 dollar/litr) olub.
San-Fransisko körfəzi ətrafındakı bəzi ərazilərdə qiymət bir qallon üçün 9 dollara (1 litr üçün təxminən 2,38 dollara) yaxınlaşır. Belmontdakı yanacaqdoldurma məntəqələrindən birində dizel təxminən 9 dollar/qallon qiymətinə satılıb.
“Dizel tarixi maksimuma çatıb. Dünən rekord qeydə alınmışdı, bu gün isə həmin rekord yenidən qırıldı”, – AAA Northern California-nın nümayəndəsi Doug Johnson bildirib.
Onun sözlərinə görə, dünya neft bazarlarındakı qeyri-sabitlik, o cümlədən İran və Hörmüz boğazı ətrafındakı vəziyyət, həmçinin Səudiyyə Ərəbistanı ilə Yəməndəki husilər arasındakı münaqişə qiymətlərə təzyiq göstərir.
Wildwood Express yükdaşıma şirkətinin vitse-prezidenti Mark Woods bildirib ki, yanacaq xərcləri kəskin artıb. Üç həftə əvvəl bir partiya yanacağın qiyməti 25–30 min dollar olduğu halda, şirkətin son ödənişi 54 min dollar təşkil edib.
Onun sözlərinə görə, yaranmış vəziyyətdə yükdaşıma şirkətləri daşıma tariflərini artırmağa məcbur olacaqlar.












