2026-cı ilin iyun ayının sonuna PAŞA Bank-ın biznes kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 13,2% artaraq 2 milyard 923 milyon manatdan 3 milyard 310 milyon manata çatıb.
FED.AZ xəbər verir ki, bu barədə bankın bu gün keçirilən mətbuat konfransında bankın idarə heyətinin sədr müavini Bəhruz Nağıyev bildirib. Onun sözlərinə görə, təqdim olunan göstəricilərə əsasən, eyni dövrdə qeyri-neft sektorunda ümumi biznes kreditlərinin həcmi 6,5% artaraq 42 milyard 803 milyon manatdan 45 milyard 597 milyon manata yüksəlib. Beləliklə, PAŞA Bank-ın biznes kredit portfelinin artım tempi ümumi bazarın artım tempini üstələyib.
Bankın kredit portfelində ən böyük dəyişiklik nəqliyyat sektorunda qeydə alınıb. Bu sahəyə verilmiş kreditlər 269 milyon manatdan 663 milyon manata, yəni 146,7% artıb. Nəticədə nəqliyyatın portfeldəki payı 9,2%-dən 20%-ə yüksəlib.
Ticarət sektoruna kreditlər 788 milyon manatdan 739 milyon manata düşərək 6,3% azalıb. Sənaye sektorunda kreditlərin həcmi 571 milyon manatdan 529 milyon manata geriləyib. Kənd təsərrüfatında isə göstərici 201 milyon manatdan 183 milyon manata enib.
Tikinti sektoruna ayrılan biznes kreditləri 394 milyon manatdan 398 milyon manata, informasiya və rabitə sektorunda isə 58 milyon manatdan 70 milyon manata yüksəlib. Digər sahələr üzrə kredit portfeli 643 milyon manatdan 728 milyon manata çatıb.
Müqayisə göstərir ki, PAŞA Bank 2025-ci ilin iyunundan 2026-cı ilin iyununa qədər biznes kreditləşməsini ümumi bazardan daha yüksək templə artırıb və portfeldə ən ciddi artım nəqliyyat sektorunda baş verib.













