Azərbaycanda bank sektorunda aktivlər, kredit və depozit portfelləri üzrə artım dinamikası 2026-cı ilin ilk yarısında davam edib.
FED.az xəbər verir ki, bu barədə "PAŞA Bank"ın bu gün keçirilən mətbuat konfransında bankın idarə heyətinin sədr müavini Bəhruz Nağıyev bildirib.
O bildirib ki, təqdim olunan göstəricilərə əsasən, 2026-cı ilin iyun ayının sonuna bank sektorunun aktivləri 60 milyard 940 milyon manat təşkil edib. 2025-ci ilin sonunda bu göstərici 57 milyard 86 milyon manat idi. Beləliklə, bankların aktivləri 6 ay ərzində 6,8% artıb.
Bank sektorunun öhdəlikləri isə 2025-ci ilin sonundakı 49 milyard 744 milyon manatdan 53 milyard 295 milyon manata yüksəlib. Artım 7,1% təşkil edib. Kapital üzrə artım tempi isə 4,1% olub.
Hesabat dövründə bankların ümumi kredit portfeli 5,8% artaraq 30 milyard 63 milyon manatdan 31 milyard 821 milyon manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 13 milyard 957 milyon manatdan 14 milyard 642 milyon manata yüksəlib. Hüquqi şəxslər və sahibkarlara verilmiş kreditlərdə isə 6,7% artım qeydə alınıb.
Kredit portfelinin valyuta strukturunda manatla kreditlər üstünlük təşkil edib. Belə ki, manatla kreditlərin həcmi 25 milyard 803 milyon manatdan 26 milyard 852 milyon manata yüksələrək 4,1% artıb. Xarici valyutada kreditlər isə 4 milyard 260 milyon manatdan 4 milyard 969 milyon manata çatıb və 16,6% artıb.
Bankların depozit portfeli də 6 ay ərzində 5,8% artaraq 41 milyard 726 milyon manatdan 44 milyard 155 milyon manata yüksəlib. Bunun 21 milyard 587 milyon manatı qeyri-maliyyə təşkilatlarının, 4 milyard 745 milyon manatı maliyyə təşkilatlarının depozitlərinin payına düşüb. Fiziki şəxslərin depozitlərində 6,3% artım qeydə alınıb.
Valyuta bölgüsünə görə, manatla depozitlər 26 milyard 358 milyon manatdan 28 milyard 638 milyon manata, xarici valyutada depozitlər isə 15 milyard 369 milyon manatdan 15 milyard 517 milyon manata yüksəlib. Müvafiq olaraq artım 8,7% və 1% təşkil edib.
Eyni zamanda, kreditlərin depozitlərə nisbəti 2025-ci ilin sonunda 72% olduğu halda, 2026-cı ilin iyununda 72,1%-ə yüksəlib.
Kredit portfelinin keyfiyyətinə gəlincə, 2026-cı ilin iyununda istehlak kreditləri üzrə problemli kreditlərin (NPL) payı 3,7%, biznes kreditlərində 3,2%, cəmi kredit portfeli üzrə 3%, ipoteka kreditlərində isə 0,7% təşkil edib.













