"PAŞA Bank" ASC Naxçıvanda 25 MVt gücündə "Şəms1" Günəş Elektrik Stansiyasının (GES) tikintisinə 8 milyon manata yaxın kredit ayırıb.
FED.az xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, kredit təşkilatı həmin layihədə yeganə maliyyə tərəfdaşı qismində iştirak edib:
"Layihənin ətraf mühitin qorunmasına töhfəsi böyükdür. Fəxr edəcəyimiz əsas məqam da budur. Stansiyanın sayəsində 19 minə yaxın evin elektrik enerjisi ilə təmin olunacağı gözlənilir. Ölkə olaraq öhdəliyimiz var ki, 2035-ci ilə qədər ümumi enerji istehsalında bərpa olunan enerjinin payı 30 % olsun. Bunun üçün addımlar atılmalıdır. Əminəm ki, digər maliyyə qurumları da bu istiqamətdə məsuliyyətlərini hiss edirlər və addımlar atırlar. Konkret olaraq Naxçıvana gəlincə, burada "yaşıl enerji" çox önəmlidir. Bölgədə bərpa olunan enerji layihələrinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu sahədə dövlət də müəyyən layihələri maliyyələşdirib", - deyə o qeyd edib.













