"Kəpəz" Bank olmayan kredit təşkilatının (BOKT) 2025-ci ilin ilk yarısı üzrə maliyyə nəticələri açıqlanıb.
«Kəpəz BOKT» MMC-nin nizamnamə kapitalında – BÖYÜK ARTIM
FED.az biznes və maliyyə xəbərlərni portalı xəbər verir ki, bu ilin ilk 6 ayında təşkilatın faiz gəlirləri 1 milyon 824 min manat, faiz xərcləri 447 min manat, xalis faiz gəliri isə 1 milyon 377 min manat olub.
Ötən ili eyni dövrü (6 ay, 2024) ilə müqayisədə «Kəpəz» BOKT-un faiz gəlirləri 211 min manat və ya 13% artıb. Faiz xərclərində isə 23 min manat və ya 5% artım var.
Hesabat dövründə «Kəpəz» BOKT-un qeyri-faiz gəlirləri isə 154 min manat və ya 22% artaraq 854 min manata yüksəlib. Qeyri-faiz xərcləri 745 min manat təşkil edib - 105 min manat və ya 16% artım olub.
Bütün bu əməliyyatlardan sonra 2025-ci ilin ilk yarısında BOKT-un əməliyyat mənfəəti 1 milyon 486 min manat təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 237 min manat və ya 19% artıqdır.
Bununla yanaşı, yarım ilin nəticələrinə görə, «Kəpəz» BOKT aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlara 1 milyon 41 min manat vəsait ayırıb.
Nəticədə maliyyə təşkilatının xalis mənfəəti 445 min manat olub.
2025-ci ilin ilk yarısının yekunlarına görə, «Kəpəz» BOKT bir qədər də böyüyüb, qurumun cəmi aktivləri yarım ildə 38 min manat artaraq təqribən 12 milyon manata çatıb.
Müştərilərə verilmiş kredit portfeli isə 12 milyon manatı keçərək 12 milyon 074 min manat olub. Yarım ildə kredit portfeli 400 min manatdan çox böyüyüb.
BOKT-un cəmi öhdəlikləri isə əksinə – təqribən 400 min manat (və ya 6%) azalaraq 6 milyon 518 min manata enib.
«Kəpəz» BOKT-un əsas öhdəlikləri indiyədək buraxılan istiqrazlar – 4 milyon manat - və banklardan alınan kreditlərdir – 1,8 milyon manat.
Təşkilatın fəaliyyəti genişləndikcə, onun kapital mövqeyinin də gücləndirilməsinə ehtiyac yaranıb, nəticədə 2024-cü ilin sonuna qədər BOKT-da yığılan 3 milyon manatlıq bölüşdürülməyən mənfəət təşkilatın nizamnamə kapitalına transformasiya olunub - nəticədə təşkilatın nizamnamə kapitalı 2,5 dəfə artıb.
Bu ilki yarım illik mənfəəti də nəzərə alanda «Kəpəz» BOKT-un cəmi kapitalı 5 milyon 471 min manata yüksəlib ki, bu da ilin əvvəli ilə müqayisədə 445 min manat və ya 8,8% artım deməkdir.