Lizinq fəaliyyətilə, daha dəqiqi əsasən avtomobillərin lizinqi ilə məşğul olan "Hermes Finance" ASC 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az şirkətin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Hermes Finance"ın faiz gəlirləri 2023-cü ildə 6 milyon 281 min manata bərabər olub. Gəlirlər son bir ildə 1 milyon 104 min manat və ya 17,6% artıb.
Faiz xərcləri 749 min manat və ya 28% artaraq 3 milyon 380 min manat yüksəlib.
Hesabat dövründə lizinq şirkətinin haqq və komissiya xərcləri 93,6 min manat, işçi heyəti ilə bağlı xərclər 571,4 min manat, ümumi və inzibati xərclər 444 min manat olub.
İllik müqayisədə haqq və komissiya xərcləri 84,9 min manat (10,8 dəfə), işçi heyəti ilə bağlı xərclər 216 min manat (61%), ümumi və inzibati xərclər 122,4 min manat (38%) artıb.
Şirkət ötən il 361,6 min manat mənfəət vergisi ödəyib ki, bu da 2022-ci ildən sonra 3,1 min manat, başqa sözlə 1% azdır.
Ümumilikdə lizinq şirkəti ötən ili 1 milyon 255 min manat xalis mənfəət ilə başa vurub. Lakin 2022-ci ili 1 milyon 457 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Hermes Finance"ın xalis mənfəəti son bir il ərzində 2022-ci illə müqayisədə 202 min manat və ya 14% azalıb.
"Hermes Finance" 30 milyon 494 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 33 milyon 233 min manat cəmi aktivlərə malik idi. Aktivlər son bir ildə 2 milyon 739 min manat və ya 8% azalıb.
Ötən il "Hermes Finance"ın maliyyə icarələri üzrə xalis investisiya göstəicisi - verdiyi lizinqlər - 1 milyon 241 min manat (5%) azalaraq 24 milyon 158 min manata düşüb.
Kredit təşkilatlarından alınacaq vəsaitlər də 1,6 milyon manat azalaraq 5,7 milyon manata enib.
"Hermes Finance" ASC öhdəlikləri isə son bir il ərzində 1 milyon 868 min manat (6%) azalaraq 29 milyon 482 min manat olub. Ötən il şirkət 2,5 milyon manatlıq istiqrazlarını bağlayıb.
2023-ün sonuna şirkətin balans kaptalı 1 milyon 12 min manata bərabər olub ki, bu da illik 871 min manat, başqa sözlə 46% azalma deməkdir. Ötən il səhmdarlar əvvəlki illərdən qalan və bölüşdürülmümiş mənfəətin böyük hissəsini təqribən 700 min manatı götürüblər.
Şirkətin bölüşdürülməmiş mənfəəti 71,8 min manat olub ki, bu da 2022-ci illə müqayisədə 692,4 min manat (10,6 dəfə) azdır.
Səhmdar kapitalı isə 135 min manat və ya 22% artırılaraq 615 min manatdan 750 min manata çatdırılıb.
Xatırladaq ki, "Hermes Finance" ASC-nin səhmdarları Sadiq Səbinə (50%), Mehrəliyeva-Rzayeva Nuranə (16%) və Cəfərov Rəvandır (34%). 2022-ci ildə isə Mehrəliyeva-Rzayeva Nuranə 8,54%, Cəfərov Rəvan isə 41,46% paya malik idi.31 dekabr 2023-cü və 2022-ci il tarixlərinə Qrupun yekun mülkiyyətçisi Qrup üzrə birgə nəzarəti həyata keçirən Rəvan Cəfərovdur.
Lizinq şirkəti olan "Caspian Auto İmport" ASC-nin 100%-i "Hermes Finance" ASC-yə məxsusdur.
Hermes Finance" ASC ("Cəmiyyət") 14 may 2018-ci ildə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında təsis edilmişdir. Cəmiyyət və onun törəmə müəssisəsi (birlikdə - "Qrup") müxtəlif növ lizinq fəaliyyəti ilə (daşınmaz əmlakın uzunmüddətli icarəsi, avtomobil lizinqi və s.) məşqul olur.