Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti (“Azəryaşlandşaft” ASC) ötən ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin cəmi gəlirləri 6 milyon 426 min manatdan 7 milyon 227 min manata çatıb. Bu göstərici illik müqayisədə 800,5 min manat və ya 12,5% artım deməkdir.
Cəmi xərclər isə 10 milyon 87 min manatdan 7 milyon 598 min manata düşüb. Beləliklə xərclərdə 2 milyon 490 min manata yaxın (24,7%) azalma qeydə alınıb.
Əmək haqqı xərcləri 5 milyon 38 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 431,5 min manat (9,4%) çoxdur.
Amortizasiya xərcləri 9 dəfəyə yaxın azalaraq 410 min manata düşüb. Sair əməliyyat xərcləri isə 41 dəfə azalaraq 31 min 240 manat olub.
“Azəryaşlandşaft” ASC 2022-ci ili 371 min manat zərərlə başa vurub. 2021-ci ildə ASC-nin zərəri 3 milyon 661 min manat təşkil edib. Beləliklə şirkət zərərini son bir ildə təqribən 10 dəfə azaldıb.
Hesabat dövründə “Azəryaşlandşaft” ASC-nin aktivləri 53 milyon 476 min manat olub ki, bu da illik müqayisədə 10 milyon 310 min manat, yəni 16,2% azalma deməkdir.