Xəbər verildiyi kimi, 2023-cü ilin sonunda 30 dekabr 2023-cü il tarixində Nazirlər Kabineti 505 saylı qərar qəbul edib. Bu qərarla Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına dəyişikliklər edilib.
Xatırladaq ki, 500 saylı qərarla «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri» təsdiq edilmişdi. Yeni qərarın qəbul edilməsi ilə həmindərəcələrə yenidən baxılıb.
Beləliklə dəyişikliyə əsasən,
6907 21 100 0, 6907 21 900 0, 6907 22 100 0, 6907 22 900 0, 6907 23 100 0, 6907 23 900 0, 6907 30 100 0, 6907 30 900 0, 6907 40 100 0 və 6907 40 900 0 alt yarımmövqelərinə aid olan döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri; mozaika işləri üçün keramika kubikləri və ya analoji məmulatlar, əsasda və ya onsuz; bəzək üçün keramika məmulatları üçün mövcud olan 15%-lik idxal gömrük rüsumlarının müddəti 2023-cü ilin sonundan daha 2 il artırılaraq 2025-ci ilin sonunadək uzadılıb. Bununla yanaşı, 1 kvadratmetr üçün idxal gömrük rüsumunun minimum məbləği 2 dollardan 3 dollara qaldırılıb.
Bundan başqa, 3206 49 700 0 alt yarımmövqeyinə aid olan boyayıcı maddələr, müəyyən və ya qeyri-müəyyən kimyəvi tərkibli lüminoforlar kimi istifadə edilən qeyri-üzvi məhsulların idxalı üçün 2030-cu ilədək müəyyən edilmiş güzəşt aradan qaldırılıb. Nəticədə əgər bu məhsulların ölkəyə idxalı zamanı gömrük rüsumu 2030-cu ilədək 0%dərəcə ilə hesablanırdısa, yeni qərarla bu 15% hesablanacaq.
Bundan başqa, 6810 11 100 0, 6810 11 900 0 və 6810 19 000 0 alt yarım-mövqelərinə aid edilən sementdən, betondan və ya süni daşdan armaturlaşdırılmış və ya armaturlaşdırılmamış məmulatların idxal gömrük rüsumu ilə bağlı da dəyişiklik var.
Bu məhsulların idxalında tətbiq edilən 15%-lik rüsumlar olduğu kimi qalır, bununla yanaşı, əvvəlki halda məhsulun 1 kiloqramı üçün rüsum 0,04 dollardan hesablanırdı, yeni qərara əsasən isə həmin rəqəm qərardan çıxarılıb. Qərada yazılıb ki, “15 (31.12.2023-cü il tarixinədək 1 kq 0,4 ABŞ dolları)” sözləri “15” rəqəmləri ilə əvəz edilsin. Nəticədə belə məhsulların idxalı zamanı rüsumun məbləği məhsulun qiymətinə əsasən hesablanacaq.