2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət tərəfdaşlarının sırasında maraqlı dəyişikliklər baş verib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əsas dəyişiklik Rusiya ilə ticarətin kəskin şəkildə zəifləməsidir. Nəticədə şimal qonşumuz Azərbaycanın xarici ticarətində ənənəvi ilk 3-lükdəki yerini itirib.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Azərbaycanın ən böyük ticarət tərəfdaşı yenə də İtaliyadır, amma Böyük Britaniyanın da payı kəskin artıb.
2026-cı ilin ilk 8 ayında Azərbaycanın 33 milyard 238 milyon dollarlıq xarici ticarət dövriyyəsinin 8 milyard 412 milyon dolları İtaliyanın payına düşüb. İtaliya ümumi dövriyyənin 25,3%-ni təşkil edib. 2025-ci ilin eyni dövründə İtaliya ilə ticarət 8 milyard 305,5 milyon dollar və ümumi dövriyyənin 25,86%-i idi. Beləliklə, dövriyyə 1,3% artsa da, ölkənin payı 0,55 faiz bəndi azalıb.
İkinci yerdə Türkiyə qərarlaşıb. Türkiyə ilə ticarət dövriyyəsi 3 milyard 819 milyon dollar təşkil edib və ölkənin Azərbaycanın xarici ticarətində payı 11,5% olub. Ötən ilin eyni dövründə dövriyyə 3 milyard 844 milyon dollar, pay isə 12% idi. Yəni Türkiyə ilə ticarət təxminən 0,7% azalıb, payı isə 0,48 faiz bəndi aşağı düşüb.
Ən böyük irəliləyiş Böyük Britaniya ilə ticarətdə olub. 2025-ci ilin ilk 8 ayında bu ölkə ilə ticarət cəmi 929 milyon dollar və ümumi dövriyyənin 2,9%-i olduğu halda, 2026-cı ildə göstərici 3 milyard 685 milyon dollara, pay isə 11,1%-ə yüksəlib. Beləliklə, Böyük Britaniya ilə ticarət dövriyyəsi təxminən 4 dəfə artıb və ölkə Azərbaycanın üçüncü ən böyük ticarət tərəfdaşına çevrilib.
Bunun əksinə, Rusiya ilə ticarət dövriyyəsi 3 milyard 345 milyon dollardan 2 milyard 411 milyon dollara düşüb – azalma 28% təşkil edib. Rusiyanın ümumi ticarətdə payı da 10,42%-dən 7,25%-ə enib.
Çinlə ticarət isə 2 milyard 940,6 milyon dollardan 2 milyard 993 milyon dollara yüksəlib. Buna baxmayaraq, ümumi ticarətin artması səbəbindən Çinin payı 9,16%-dən 9%-ə düşüb.
İxracda Böyük Britaniya sıçrayışı
Azərbaycanın ixracında İtaliya yenə birinci yerdədir. 2026-cı ilin ilk 8 ayında İtaliyaya 8 milyard 68 milyon dollarlıq məhsul ixrac edilib. Bu, bütün ixracın 37%-nə bərabərdir. Bir il əvvəl İtaliyaya ixrac 7 milyard 968 milyon dollar olsa da, ümumi ixracda payı daha yüksək – 46,7% idi. Beləliklə, məbləğ bir qədər artsa da, İtaliyanın ixracdakı payı 9,7 faiz bəndi azalıb.
Əsas dəyişiklik yenə Böyük Britaniyadır. 2026-cı ilin yanvar-avqustunda Azərbaycandan Böyük Britaniyaya 3 milyard 480 milyon dollarlıq məhsul ixrac edilib və ölkənin ümumi ixracdakı payı 15,9% olub. 2025-ci ilin eyni dövründə Böyük Britaniya ixrac üzrə ilk 10 ölkə arasında belə göstərilmirdi.
Türkiyəyə ixrac 2 milyard 291,5 milyon dollardan 2 milyard 288,5 milyon dollara cüzi azalaraq demək olar dəyişməyib. Lakin Azərbaycanın ümumi ixracının böyüməsi fonunda Türkiyənin payı 13,4%-dən 10,5%-ə düşüb.
Rusiyaya ixrac isə 818 milyon dollardan 840 milyon dollara qalxıb, yəni 2,6% artıb. Buna baxmayaraq, Rusiyanın ümumi ixracdakı payı 4,80%-dən 3,85%-ə enib.
İdxalda isə Çinin üstünlüyü möhkəmlənir
İdxalda isə mənzərə fərqlidir. Çin Azərbaycanın ən böyük mal təchizatçısıdır.
2026-cı ilin ilk 8 ayında Çindən 2 milyard 919 milyon dollarlıq məhsul idxal olunub. 2025-ci ilin eyni dövründə göstərici 2 milyard 880 milyon dollar idi. Məbləğ cəmi 1,3% artsa da, Azərbaycanın ümumi idxalının kəskin azalması nəticəsində Çinin idxaldakı payı 19,1%-dən 25,55%-ə yüksəlib.
Rusiyadan idxalda isə ciddi azalma qeydə alınıb. 2025-ci ilin ilk 8 ayında Rusiyadan 2 milyard 527 milyon dollarlıq mal alınmışdısa, bu il göstərici 1 milyard 571 milyon dollara düşüb. Bu, təxminən 38% azalma deməkdir. Rusiyanın idxaldakı payı da 16,8%-dən 13,7%-ə enib.







![Azərbaycanın xarici ticarət tərəfdaşları dəyişir –[red] Britaniya ilk üçlükdə, Rusiya 5-ci yerə düşüb[/red] | FED.az](/upload/news/small/2845277.png)
![Azərbaycanın xarici ticarət tərəfdaşları dəyişir –[red] Britaniya ilk üçlükdə, Rusiya 5-ci yerə düşüb[/red] | FED.az](/upload/news/small/1508055.png)
![Azərbaycanın xarici ticarət tərəfdaşları dəyişir –[red] Britaniya ilk üçlükdə, Rusiya 5-ci yerə düşüb[/red] | FED.az](/upload/news/small/4932844.png)







