İnvestorlar medianın yaydığı saxta xəbərlərə etibar etmədən Azərbaycan haqqında öz fikirlərini formalaşdırmalıdırlar.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna dair tədbirdə bildirib.
Dövlət başçısı moderator Adebayo Oqunlesinin suallarını cavablandırarkən investorları "feyk xəbər yayan mediaya inanmamağa" çağırıb.
Sual: Cənab Prezident, burada toplaşmış trilyonlarla dollar həcmində kapitalı təmsil edənlər Azərbaycan və onun gələcəyi ilə bağlı bu görüşdən hansı mesajla ayrılmalıdırlar? Mənim eşitdiklərimə əsasən, Azərbaycan biznes üçün açıqdır, investisiya üçün cəlbedici məkandır. Onlar başqa nələri nəzərə almalıdırlar?
Prezident İlham Əliyev: Hesab edirəm ki, onlar feyk xəbərlər yayan mediaya inanmamalıdırlar. Zənnimcə, belə tədbirlərin üstünlüklərindən biri də odur ki, burada iştirak edənlər hər şeyi öz gözləri ilə görə bilirlər. Onlar insanların nə dediyini eşidə bilərlər. Təkcə biznes ictimaiyyətinin nümayəndələrindən deyil, bu günlər ərzində istənilən şəxsdən ölkə haqqında, onun necə inkişaf etdiyi barədə fikirlərini öyrənmək olar: Ölkə düzgün istiqamətdə irəliləyirmi, yoxsa yox? Özləri nəticə çıxara bilərlər.
Biz ölkəmizi nə qədər tərifləsək, nə qədər xoş sözlər desək də, hər bir ölkənin ev sahibi, təbii ki, öz ölkəsi haqqında yaxşı sözlər deyir. Prezidentin investisiya forumuna gəlib “bu pisdir, o pisdir” deməsini təsəvvür etmək çətin olardı. Biz bunları öz aramızda müzakirə edirik. Amma yenə də düşünürəm ki, ən yaxşı təəssürat insanın özünün gördüyü və hiss etdiyi təəssüratdır. Bizim etməli olduğumuz yalnız əlverişli mühit yaratmaqdır. Sadəcə bunun üçün müəyyən imkan və şərait yaratmalıyıq.












