Əmək bazarının gələcək çağırışlarına uyğunlaşmaq üçün peşə hazırlığı və maarifləndirmə əsas istiqamətlərdən olmalıdır.
FED.az xəbər verir ki, bu sözləri, Dövlət Məşğulluq Agentliyinin sədri Hasil Abbasov Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.
Sədr qeyd edib ki, ötən il 18 mindən çox işsiz şəxsin peşə hazırlığına investisiya qoyulub və bu hazırlıq proqramları xüsusilə işəgötürənlərin ehtiyaclarına uyğunlaşdırılıb.
Digər mühüm istiqamətin maarifləndirmə olduğunu deyən sədr əmək bazarının gələcək iştirakçılarının qarşılaşacaqları reallıqlardan xəbərdar edilməsinin vacibliyini vurğulayıb.
“2017-ci ildən sonra doğulan uşaqların təxminən 62%-nin gələcəkdə görəcəyi işlər hələ icad edilməyib. Onlar iqtisadi fəal olduqları zaman hansısa sahədə çalışacaqlar, lakin görəcəkləri işlərin əksəriyyəti hazırda mövcud deyil”, - deyə o, bildirib.












