2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 33 milyard 238,4 milyon ABŞ dolları təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, ötən ilin eyni dövründə xarici ticarət dövriyyəsi 32 milyard 118 milyon dollar olmuşdu. Beləliklə, bir il ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 1 milyard 120,4 milyon dollar və ya 3,5% artıb.
Ticarət dövriyyəsinin artması əsasən ixracın kəskin yüksəlməsi ilə bağlıdır.
2026-cı ilin ilk 8 ayında Azərbaycandan xaricə 21 milyard 815 milyon dollar dəyərində məhsul ixrac olunub. 2025-ci ilin eyni dövründə ixracın həcmi 17 milyard 65,4 milyon dollar idi. Beləliklə, ixrac bir ildə 4 milyard 750 milyon dollar və ya 28% artıb.
İdxal isə əksinə, azalıb - yanvar-avqust aylarında Azərbaycana 11 milyard 423 milyon dollar dəyərində mal idxal edilib. Ötən ilin eyni dövründə bu göstərici 15 milyard 52 milyon dollar olmuşdu. Nəticədə idxalın həcmi 3 milyard 629 milyon dollar və ya 24% azalıb.
İxracın artması və idxalın azalması Azərbaycanın müsbət xarici ticarət saldosunu kəskin böyüdüb. 2025-ci ilin yanvar-avqustunda müsbət saldo 2 milyard 13 milyon dollar olduğu halda, 2026-cı ilin eyni dövründə 10 milyard 392 milyon dollara çatıb.
Başqa sözlə, müsbət saldo bir ildə 8 milyard 379 milyon dollar və ya 5,2 dəfə artıb.
Ticarət dövriyyəsinin strukturu da ciddi dəyişib. 2025-ci ilin ilk 8 ayında ixrac ümumi xarici ticarətin 53,13%-ni, idxal isə 46,87%-ni təşkil edirdi. 2026-cı ildə ixracın payı 65,63%-ə yüksəlib, idxalın payı isə 34,37%-ə enib.
Beləliklə, son bir ildə xarici ticarətdə ixracın çəkisi 12,5 faiz bəndi artıb, idxalın çəkisi eyni həcmdə azalıb.












