Azərbaycanın xarici ticarətində maraqlı yeniliklər baş verib.
2026-cı ilin yanvar-avqust aylarında xarici ticarətdə dövlət və özəl sektorun əməliyyatlarında dəyişikliklər baş verib. Ən böyük dəyişiklik dövlət sektorunun idxalında qeydə alınıb.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2026-cı ilin ilk 8 ayında ölkəyə 11 milyard 423 milyon dollarlıq məhsul idxal edilib. Bunun 998,6 milyon dolları dövlət sektorunun, 9 milyard 434,5 milyon dolları özəl sektorun, 990,3 milyon dolları isə fiziki şəxslərin payına düşüb.
Xatırladaq ki, ötən ilin eyni dövründə vəziyyət fərqli olub. 2025-ci ilin yanvar-avqustunda dövlət sektorunun idxalı 4 milyard 968 milyon dollar, özəl sektorun idxalı 8 milyard 691 milyon dollar, fiziki şəxslərin idxalı isə 1 milyard 394 milyon dollar təşkil etmişdi.
Beləliklə, cəmi bir il ərzində dövlət sektorunun idxalı 3 milyard 969 milyon dollar və ya 5 dəfə azalıb.
Dövlət sektorunun ümumi idxaldakı payı isə ötənilki 33%-dən cəmi 8,7%-ə enib.
Özəl sektorun idxalı isə artıb
Dövlət sektorundan fərqli olaraq özəl şirkətlərin idxalında artım baş verib. 2025-ci ilin ilk 8 ayında özəl şirkətlər 8 milyard 691 milyon dollarlıq məhsul idxal etmişdisə, 2026-cı ilin eyni dövründə bu göstərici 9 milyard 434,5 milyon dollara yüksəlib. Artım 743,5 milyon dollar və ya 8,6% təşkil edib.
Bunun nəticəsində özəl sektorun Azərbaycanın ümumi idxalındakı payı 58%-dən 83%-ə yüksəlib. Yəni hazırda ölkəyə idxal edilən hər 100 dollarlıq malın təxminən 83 dolları özəl sektorun payına düşür.
Fiziki şəxslərin idxalı isə 1 milyard 394 milyon dollardan 990 milyon dollara enib – 403 milyon dollar və ya 29% azalma olub.












