Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Natural Gas World" (NGW) jurnalına müsahibə verib.
FED.az Report-a istinadən müsahibə əsasında hazırladığı məqaləni sizə təqdim edir:
Azərbaycan bir əsrdən çox müddət ərzində qabaqcıl neft ölkəsi kimi tanınsa da, hazırda təbii qaz satışından əldə olunan gəlirlər neft ixracına çatmaqdadır. SOCAR prezidenti Rövnəq Abdullayev NGW-yə müsahibəsində bildirib ki, neft-kimya məhsullarının ixrac payı artmaqda davam etsə də, 2020-ci illərin ortalarında Azərbaycanın dövlət xəzinəsinə qazdan daxil olacaq gəlirlər neft gəlirləri ilə bərabərləşəcək. Azərbaycan 2021-ci ilədək "Şahdəniz" yatağının ikinci fazasından qaz ixracına hər il 16 mlrd. kubmetr əlavə etməyi planlaşdırmaqla yanaşı, xüsusilə ölkədən kənarda neft-kimya, neft emalı, boru kəməri və LNG (mayeləşdirilmiş təbii qaz-Liquified Natural Gas) layihələrini genişləndirməyə də davam edir.
"Növbəti on il ərzində Azərbaycan özünün hazırkı qaz layihələrinin reallaşması, onların genişlənməsi və yeni qaz layihələrinə start verilməsi istiqamətində bir sıra addım atacaq. Buna əlavə olaraq, qaz emalı və neft-kimya zavodlarının istismara verilməsi və qazla işləyən yeni sənayenin yaradılması fəaliyyətimizin digər mühüm tərəflərini təşkil edir. Yeni qurulmuş zavodlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verəcək, yeni iş yerləri açılacaq, kiçik və orta biznesin inkişafını stimullaşdıracaq", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan neft gəlirlərinin ixracdakı payının 13,5% azalması fonunda qaz ixracından gələn gəlirlərin payını 2012-ci ildəki 2,7%-dən ötən il 10,6%-ə yüksəldib.
R.Abdullayev deyib: “Biz 2030-cu ilə qədər daha perspektivli "Şahdəniz-3" layihəsini də həyata keçirəcəyik. "Şahdəniz-3" dənizdə yerləşən yatağın işlənilməsinin ən böyük mərhələsidir. Təbii qazın istehsal payının artırılması ilə yanaşı, neft və qaz emalının, kimya məhsullarının təkmilləşdirilməsi Azərbaycanda daha sabit gəlir və davamlı inkişaf üçün şərait yaradacaq, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verəcək.
Mövcud bazarlar Türkiyəni, Gürcüstanı və Yunanıstanı əhatə edir. Azərbaycan hazırda əsas diqqəti "Cənub Qaz Dəhlizi" (SGC) vasitəsilə ilkin mərhələdə Türkiyəyə ildə 6 mlrd. kubmetr, 2021-ci ilə qədər isə Avropa İttifaqına ilkin olaraq ildə 10 mlrd. kubmetr qaz ixrac edəcək "Şahdəniz-2" layihəsinin gerçəkləşdirilməsinə yönəldib."
O bildirib ki, "Şahdəniz" yatağında hasilata başlanılması sadəcə neft və qaz sənayesi baxımından və geniş iqtisadi mənada yox, həm də “beynəlxalq iqtisadi münasibətlərdə” tamamilə yeni mərhələnin başlanmasından xəbər verir.
R.Abdullayevin fikrincə, bu gün Azərbaycanın qaz strategiyası bir sıra mühüm hədəflərə çatıb. Birinci məsələ, Azərbaycanın enerji təhlükəsizliyinin davamlılığının təmin edilməsi və ekoloji təmiz enerji istehsalı üçün lazımi qaz ehtiyatlarının yaradılmasından ibarətdir. İkinci məsələ, bu ehtiyatların dünya bazarlarına təhlükəsiz və fasiləsiz şəkildə çatdırılması üçün sabit infrastrukturun formalaşdırılmasıdır. Buraya okeana birbaşa çıxışı olmayan Xəzər bölgəsindən Avropaya uzanan "Cənub Qaz Dəhlizi" layihəsinin fəaliyyətə başlaması daxildir ki, bu da Prezident İlham Əliyevin dediyi kimi, regionun enerji xəritəsini tədricən dəyişəcək.
"Əgər bizim fəaliyyətimiz Gürcüstan və Türkiyəyə qədər olan qaz kəməri ilə məhdudlaşırdısa, hazırda qaz kəmərimizin əhatə dairəsi bu ölkələrdən kənara çıxaraq, Yunanıstan, Albaniya və İtaliyaya qədər uzanır. Qaz kəmərinin tikintisi başa çatdıqdan sonra bu ölkələrin əhalisi nəql olunan qazdan faydalanacaq"- R.Abdullayev deyib.
SOCAR prezidenti diqqətə çatdırıb ki, əvvəlcə bir çoxları uzunluğu 3500 km olan "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsinə şübhə ilə yanaşırdı: "Lakin bu qəbildən olan etirazlara baxmayaraq, tikinti işləri uğurla həyata keçirilir. Burada əsas məsələ binanın təməlini atmaq və birinci mərtəbəni tikməkdir. Buna nail olduqdan sonra digər məsələlər həllini tapacaq. Lakin məsələni qəlizləşdirən amil ondan ibarətdir ki, istehsal fazası ("Şahdəniz-2) ilə daşıma fazasının ("Cənub Qaz Dəhlizi") tikinti qrafikləri bir-birnə tam uyğun şəkildə həyata keçirilməlidir. Belə ki, boru kəmərini tikib onun qazla doldurulacağı vaxtı, yaxud da bunun əksini gözləmək mənasızdır”.
O əlavə edib ki, 2017-ci ildə Azərbaycan və Gürcüstanda Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) tamamlanacaq: "Trans Anadolu Boru Kəməri (TANAP) üzrə nəzərdə tutulan işlərin 60%-i, Trans Adriatik Boru Kəməri (TAP) üzrə işlərin isə 31.8%-i tamamlanıb."
Neftin ucuzlaşması
R.Abdullayev vurğulayıb ki, "Şahdəniz-2" çərçivəsində lazımi malları razılaşdırılmış qiymətlərlə almaq və göstərilən xidmətlər üzrə ödəmələri həyata keçirmək üçün maliyyə məsələlərini vaxtında həll etmək lazım gəlib: “Göründüyü kimi, layihə kifayət qədər yüksək mürəkkəblik dərəcəsinə malikdir. Bunlara əlavə olaraq, layihənin başladığı 2014-cü ildə dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşdü. Buna görə də, hətta Qərb mətbuatı layihənin vaxtında həyata keçirilməsinin mümkünlüyünü sual altına qoyan materiallar dərc etməyə başladı.”
Neftin qiymətinin aşağı olmasının xarici neft şirkətlərinin Azərbaycandakı enerji layihələrinə olan marağına təsirindən danışarkən Rövnəq Abdullayev bildirib ki, son 2 il ərzində bu faktor marağın aşağı düşməsinə səbəb olub: "Lakin 2016-cı ilin son rübündən etibarən neftin qiymətinin 50 dollar/barrel və daha yüksək səviyyəyə qalxması, bu il üçün verilən daha perspektivli proqnozlar ruhlandırıcı təsirə malikdir. Deyə bilərəm ki, bir sıra şirkətlər bizə artıq öz maraqlarını ifadə edib. Onlardan biri Xəzər dənizində ötən əsrin 90-cı illərin sonunda kəşf edilmiş kiçik ehtiyatlara malik qaz kondensat yatağında işləmək arzusunu bildirib. Digər bir şirkət neft yatağının işlənməsini təklif edir. Başqa sözlə, əgər 20 il əvvəlki texnoloji imkanlar və mövcud olan neft qiymətləri səbəbindən bəzi yataqların işlənməsi səmərəsiz idisə, indi bu yataqlardan mənfəət götürülməsi mümkün görünür.”
Emal layihələri
Ölkə daxilindəki emal layihələri ilə yanaşı, şirkət 2016-cı ilin əvvəlinədək xarici layihələrə ümumilikdə 4,487 mlrd.ABŞ dolları sərmayə qoyub. Bu sərmayənin 3/4 hissəsi - 3,334 mlrd. dolları Türkiyəyə, 414,5 mln. dolları İsveçrəyə, 334,3 mln. dolları Gürcüstana, 280,8 mln. dolları Ukraynaya və 71,3 mln. dolları isə Rumıniyaya qoyulub. Şirkət eyni zamanda, Kot-d’İivuarda ildə 4,15 mlrd. kubmetr tutuma malik LNG-nin təkrar qazlaşdırması terminalının 26% səhmlərini satın alıb. "SOCAR Trading" Almaniyanın "Siemens" şirkətinin də daxil olduğu konsorsiumun tərkibində Malta adasında LNG-nin təkrar qazlaşdırma təsisinin və dəyəri 175 mln. avro olan Qaz Elektrik Stansiyasının qurulması üzrə tenderin qalibi olub.
R.Abdullayev ölkədaxili layihələrdən danışarkən deyib ki, SOCAR-ın davamlı inkişaf strategiyası hətta dəyişkən bazar şəraitində dəyə biləcək zərərlərə qarşı qorunmaqda mühüm rol oynayacaq: "Hazırda SOCAR həm qaz hasilatı, həm də neft və qaz emalı, neft-kimya məhsulları üzrə nəhəng layihələr üzərində işləyir. Məsələn, Azərbaycanda polimer istehsalı üzrə sənaye komleksinin yaradılması istiqamətində işlər gedir. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu və ya bu qəbildən olan digər layihələr davam edir. Bütün bunlar dəyər zəncirini gücləndirərək, yaxın illərdə bazarda baş verə biləcək təlatümlərə müqavimət gücünə malik davamalı inkişafın sağlam təməllərini qoyur."
O bildirib ki, nəticə etibarilə işlər şirkətin Türkiyədəki strateji aktivi olan "Petkim"in nümunəsinə uyğun şəkildə qurulsa, neft emalından gələn gəlirlər neftin qiymətinin kəskin aşağı düşməsi şəraitində belə o qədər də azalmaz, hətta bəzi hallarda arta da bilər: "Odur ki, "SOCAR Polymer", "SOCAR Karbamid", "STAR" Neft Emalı Zavodu və emal sənayesinə aid digər layihələrə yaxın illərdə qoyulmuş investisiyalar özünü doğruldacaq."
Onun fikrincə, Azərbaycanın neft sənayesinin davamlı şəkildə böyüməsi digər sektorların da inkişafına gətirib çıxaracaq: "Yeni iş yerlərinin açılmasından əlavə, SOCAR-ın "Azərikimya", "SOCAR Polymer", "SOCAR Karbamid" və digər təsisləri iqtisadiyyatın davamlı inkişafına töhfə verə bilər. Bu zavodların ara məhsullarından ölkənin kiçik və orta istehsal müəssisələrində xam maddə kimi istifadə oluna bilər. 750 mln. dollar dəyərə malik "SOCAR Polymer" zavodu 2018-ci ilin ilk rübündə ildə 180 min ton polipropilen, 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək və 2021-ci ildə bu rəqəm 570 min tona yüksələcək. Dəyəri 750 mln. dollar olan digər layihə -"SOCAR Karbamid" də eyni vaxtda istismara veriləcək. Bu müəssisə ildə 1,5 mln. kubmetr qazı 438 min ton ammonyaka və 730 min ton karbamidə çevirəcək. Azərbaycanın "Şahdəniz" layihəsindən başqa, qaz hasilatı layihələri də var."
SOCAR prezidenti diqqətə çatdırıb ki, onlardan bəziləri indi gündəliyə daxil edilib: "Ən önəmli layihələrdən biri Fransanın "Total" şirkətinin operatoru olduğu "Abşeron" yatağıdır ki, onun işlənməsi 2019-cu ilin sonunda həyata keçirilə bilər. Azərbaycanın qaz təchizatı sahəsində tam müstəqilliyi əsas məqsədimiz olduğuna görə, birinci fazadan hasil olunacaq 1,5 mlrd. kubmetr qaz daxili bazara yönəldiləcək."
R.Abdullayev əlavə edib ki, SOCAR bu il Xəzər dənizində "Şəfəq" və "Asiman" yataqlarında BP tərəfindən qazılmış kəşfiyyat quyusunda həyata keçirilən qazma işlərinə böyük ümid bəsləyir: "Keçən il aparılmış 3-D seysmik araşdırmaların nəticələrinə görə, müqavilə sahəsində qaz ehtiyatlarının olması ehtimalı çox yüksəkdir. "Ümid" qaz yatağının işlənməsi və "Babək" yatağında aparılan kəşfiyyat işləri gələcək üçün yüksək əhəmiyyətə malik olan layihələrdir. Belə ki, "Babək" yatağında aparılan geoloji kəşfiyyat işləri orada böyük qaz ehtiyatının olduğunu təsdiq edib."
Neft erasından qaz erasına keçid
Onun sözlərinə görə, Azərbaycan 110 il bundan əvvəl gündəlik 0,2 mln. barrel neft, yəni dünyadakı hasilatın yarısını istehsal edib. 2010-cu ildə gündə 1 mln. barrel ilə pik nöqtəsinə çatan hasilat, həmin tarixdən sonra gündəlik 820 min barel səviyyəsinə qədər düşüb. Bu il Azərbaycanın 15 mlrd. barrel həddini keçməsi gözlənilir. İndiyədək hasil olunan neftin yarısından çoxu Xəzər dənizindən çıxarılıb. Hazırda neft hasilatının yalnız 3,5%-i qurudan çıxarılır.
R.Abdullayev bildirib ki, Azərbaycanda neft hasilatının160 illik tarixi olsa da, qaz məsələsi ölkədə heç vaxt bugünkü qədər aktual olmayıb: "Bunun obyektiv səbəbi odur ki, əvvəllər qazdan istifadə sahələri məhdud idi. 1920-1930-cu illərdə istehsal olunan qaz neft quyularından çıxan səmt qazı idi və ondan sənayedə istifadə olunurdu. Təbii qazın kommersiya və yaşayış sektorlarına verilməsi keçən əsrin ortalarında başlayıb. Sovet dövründə ən yüksək qaz hasilatı olan illik 14,89 mlrd. kubmetr rekord həddi 1982-ci ildə qeydə alınıb ki, bunun da 11,3 mlrd. kubmetrini dənizdə yerləşən "Bahar" yatağından çıxarılmış qeyri-səmt qazı təşkil edib. Hazırda ölkədə istehsal olunan qazın əhəmiyyətli hissəsi dənizdə yerləşən yataqlardan əldə olunur. İndi Azərbaycanın illik ümumi qaz hasilatı 29 mlrd. kubmetrdir ki, bunun da 99,2%-i dənizdəki yataqlardan çıxarılır. Keçən ilin sonunda ölkənin ümumi qaz hasilatı 769 mlrd. kubmetrə çatıb."