“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası” təsdiqlənib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qayda istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydasını müəyyən edir. Azərbaycanda peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi ilə bağlı fəaliyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həyata keçirir.
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi sığortalı və (və ya) sığortaçının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemi, sığorta olunanın isə “e-sosial” internet portalında olan şəxsi kabineti vasitəsilə müraciəti və ya məhkəmə qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na uyğun olaraq verilmiş göndəriş əsasında Agentlik tərəfindən həyata keçirilir. Agentlik MEİS-in “Əlillik” altsisteminə göndərişin daxil olduğu tarixdən 10 (on) iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə altsistem üzərindən sığorta olunana, sığortalı və (və ya) sığortaçıya məlumat göndərir. Barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanların peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi onların unikal kodları göstərilməklə rəsmiləşdirilən və sığortalı tərəfindən kağız daşıyıcıda (elektron daşıyıcı əlavə edilməklə) Agentliyə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında həyata keçirilir. Agentlik nəzərdə tutulan sənədlərin təqdim olunduğu tarixdən 10 (on) iş günü müddətində peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair qiymətləndirmənin aparılacağı tarix və yer barədə məlumatı kağız daşıyıcıda sığortalıya göndərir.













