Müasir şəraitdə dayanıqlı və həyat qabiliyyətli şəhərlərin formalaşdırılması yalnız dövlət vəsaitləri və siyasi alətlərə əsaslana bilməz.
Maliyyə Nazirliyi: "Azərbaycanda mənzil maliyyələşməsi fondunun aktivləri 2 milyard dolları ötüb"
FED.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin yaradılmasının əsas iştirakçıları kimi Kiçik və Orta Müəssisələrin (KOB) imkanlarının genişləndirilməsi" mövzusunda panel müzakirəsində bildirib.
"Sahibkarlar, startaplar, texnologiya tərtibatçıları, memarlar, şəhər novatorları və infrastruktur qurucuları - onların hamısı gələcək nəsillər üçün daha ağıllı, ekoloji cəhətdən inklüziv şəhərlərin formalaşmasına həlledici töhfə verirlər. Azərbaycan artıq bu yolda əhəmiyyətli nəticələr əldə edir. Şəhərlərin transformasiyasına dair böyük layihələri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsi, yaşıl ərazilərin artırılması, şəhər infrastrukturunun yenilənməsi, eləcə də azad edilmiş torpaqlarda dayanıqlı inkişaf prinsiplərinə əsaslanan bərpa işləri - bütün bunlar ölkənin innovativ və perspektivli şəhərsalma planlaşdırılmasına olan səylərini əks etdirir", - KOBİA rəhbəri vurğulayıb.
O.Məmmədov hesab edir ki, WUF13 kiçik və orta biznes (KOB) üçün beynəlxalq maraqlı tərəflərlə qarşılıqlı əlaqə, yeni işgüzar tərəfdaşlıqların qurulması, qabaqcıl dünya təcrübəsi ilə tanışlıq və şəhərlərin davamlı inkişafına kömək edən innovativ məhsul, xidmət və həllərin təqdimatı üçün mühüm imkanlar açır.
"Bununla əlaqədar olaraq, bugünkü müzakirə KOB-ların dayanıqlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin qurulmasının əsas iştirakçıları kimi rolunun açılması, həmçinin dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi üçün mühüm platforma kimi çıxış edir. Əminəm ki, bugünkü müzakirələr səmərəli fikir mübadiləsinə gətirib çıxaracaq və istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda dayanıqlı şəhər inkişafının təşviqi istiqamətində daha sıx əməkdaşlığa kömək edəcək", - o vurğulayıb. (Report)













