Marketlər, ticarət şəbəkələri - pərakəndə hazırda Azərbaycanda əhalinin əsas pul xərclədiyi yerlərdir. Xüsusilə də ərzaq mallarının alınması əhalinin xərclərində ən böyük yer tutur.
Əhalinin bir nəfəri orta hesabla ayda 489,5 manatlıq mallar alıb - 50 faizi ərzaqlara xərclənib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, təkcə bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 20 milyard manatı keçib, istehlakçılara 11,2 milyard manatlıq ərzaq, 8,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Başqa sözlə, əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin yarıdan çoxu - 50,6%-i ərazaq mallarının alınmasına sərf olunub. Bu rəqəmlər pərakəndə ticarətin nə qədər əhəmiyyətli olmasını bir daha göstərir.
Pərakəndə ticarətin ən əsas oyunçularından biri də yerli market şəbəkələri, iri supermarketlərdir. Birbaşa əhali kütləsi ilə işlədiyinə görə, pərakəndə ticarət sektoru, kiçik dəyişikliklərə belə həssas sekordur. İctimaiyyət arasında yaranan mənfi bir rəy və ya dövlət qurumları tərəfindən atılan hər bir addım bu sektora daha tez təsir edə bilir.
Prakəndə ticarət sektorunda baş verən yeniliklər, sektorda olan çatışmazlıqlar və gözlənilən yeniliklər haqqında FED.az biznes və maliyyə xəbərləri portalının suallarını “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin sədri Araz İmanov cavablandırıb.
- Araz bəy, rəhbərlik etdiyiniz “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi ölkədəki ticarət şəbəkələrinin hansı hissəsini əhatə edə bilir?
- “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinə üzv şirkətlərin ümumilikdə 100 minə yaxın əməkdaşı və 3500-dən çox ticarət nöqtəsi var. Bu miqyas həm məşğulluq, həm vergi daxilolmaları, həm də istehlakçıların gündəlik tələbatının qarşılanması baxımından sektorun əhəmiyyətini göstərir.
- Son 15 ildə Azərbaycanda ticarət şəbəkələri böyük dəyişikliklərə məruz qalıb. Eyni zamanda daha təşkilatlıanmış bir biznesə çevrilib. Hazırda bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycanda pərakəndə ticarət sektoru inkişaf və strukturlaşma mərhələsini davam etdirir. Son illərdə iri ticarət şəbəkələrinin coğrafiyası genişlənib, müasir idarəetmə mexanizmləri, logistika, rəqəmsal həllər və müştəri xidmətləri üzrə yeni yanaşmalar daha fəal tətbiq olunmağa başlayıb. Bu, istehlakçılar üçün daha geniş seçim imkanları, daha rahat alış-veriş mühiti və xidmət keyfiyyətinin yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, ticarət sektorunun özü üçün də ciddi çağırışlar, həllini gözləyən məsələlər var. Əməliyyat xərclərinin artması, logistika və icarə xərcləri, enerji sərfiyyatı, maliyyələşmə yükü, eləcə də nağdsız ödənişlər üzrə komissiyalar pərakəndə ticarət şəbəkələri üçün ən həssas məsələlərdəndir. Pərakəndə ticarət böyük əməliyyat sistemi üzərində qurulduğu üçün bu xərclərin hər biri ümumi maliyyə dayanıqlığına təsir göstərir. Buna baxmayaraq, sektor fəaliyyətini stabil şəkildə davam etdirir və ölkə iqtisadiyyatında mühüm rol oynayır.
Ticarət şəbəkələri bu gün artıq təkcə satış nöqtələri deyil, onlar həm də böyük mexanizmin hərəkət verici bir qüvvəsidir. Buna həm logistika, həm kənd təsərrüfatı, həm də istehsal və texnologiyalar daxildir. Bunlar böyük bir iqtisadi ekosistemin bir hissəsidir.
- Hazırda müşahidələr də göstərir ki, ölkemizdə ən sürətlə jenişlənən, sayı ən çox artan sahə ticarət şəbəkələrildir. Demək olar ki, az qala hər həftə Bakıda və ya bölgələrdə hansısa yeni ticarət obyektinin işə düşməsini müşahidə edirik. Onların ölkə iqtisadiyyatındakı payı, təsiri necədir?
- Rəqəmlərə müraciət etsək, Dövlət Vergi Xidmətinin dərc etdiyi məlumatlara əsasən, Birliyə üzv şirkətlərin vergi ödənişləri 2024-cü ildə 150 milyon manata yaxın, 2025-ci ildə isə 170 milyon manatdan çox olub. 2024-cı ildə bizizm üzvlərimiz 100 ən böyük vergi ödəyicisi arasında 10-cu yeri tuturdusa, 2025-ci ildə 9-cu yerə yüksəlib. Eyni zamanda nəzərə alaq ki, ilk səkkiz yer neft sektoru ilə, biri tütün sahəsi ilə bağlı olub. Bunu nəzərə alsaq, üzvlərimizin ödədiyi vergilər bizi qeyri-neft sektorunda birinci yerə çıxarır.
Bu rəqəmlər pərakəndə ticarət şəbəkələrinin qeyri-neft sektorunda iqtisadi fəallığın formalaşmasında və dövlət büdcəsinə töhfə verilməsində nə qədər mühüm yer tutduğunu nümayiş etdirir.
- Son dövrlər vergi qanunvericiliyində tez-tez dəyişiklik edilir və müxtəlif yeniliklər tətbiq olunur, eləcə də dövlət tərəfindən tənzimlənən tariflər dəyişir. Qeyri-neft sektorunda fəaliyyət göstərən özəl şirkətlərin vergi yükünün hesablanması qaydası və yanacaq qiymətlərinin artması ticarət şəbəkələrinin xərclərinə və istehlak qiymətlərinə necə təsir edir?
- Belə dəyişikliklər pərakəndə ticarət sektoruna birbaşa təsir göstərir. Çünki ticarət şəbəkələri təkcə mağazalardan ibarət deyil. Onların fəaliyyəti geniş logistika sistemi, anbar infrastrukturu, soyutma avadanlıqları, filial şəbəkəsi, gündəlik enerji istehlakı və böyük əmək resursları üzərində qurulur. Yanacaq qiymətlərində artım ilk növbədə daşınma və təchizat zəncirinin xərclərinə təsir edir. Bu xərclər isə məhsulun istehsalçıdan və ya təchizatçıdan mağazaya, oradan da istehlakçıya çatdırılmasına qədər bütün mərhələlərdə əlavə yük yaradır.
Vergi, maliyyə və digər xərclərin artımı isə xüsusilə aşağı marja ilə işləyən pərakəndə ticarət sektorunda daha həssas hiss olunur. Qida pərakəndəçiliyində xalis mənfəətlilik çox aşağıdır və bir çox hallarda 1 faizdən də aşağı səviyyədə formalaşır.
Müqayisə üçün bildirək ki, dünyada bu, ən azı 3,5%-dən başlayır. Qonşu Türkiyədə bu rəqəm 3-3,5%, Avropada 5% və onun üzərindədir. Bizdə hələ ki, həm inkişaf mərhələsi olduğuna görə, həm də bazar tam tənzimlənmədiyinə görə, bu rəqəm çox aşağıdır. Bu səbəbdən istənilən əlavə xərc yükü sektorun maliyyə dayanıqlığına ciddi təsir göstərə bilir.
Elektronika və qeyri-qida pərakəndəçiliyində mənfəətlilik göstəriciləri qida sektorundan müəyyən qədər fərqli ola bilər. Lakin ümumi mənzərə ondan ibarətdir ki, Azərbaycanda pərakəndə ticarət şəbəkələrinin gəlirlilik səviyyəsi bir sıra inkişaf etmiş bazarlarla müqayisədə hələ də aşağıdır.
Biz öz mövqeyimizi həm dövlət qurumlarına, həm qapalı görüşlərdə çatıdırırıq və müəyyən müsbət nəticələr də əldə edirik. Çünki gərək problemi içərisindən və detallı izah edəsən ki, başa düşülsün. Bizim müəyyən naliyyətlərimiz var, amma yenə də həll ediləsi məsələlər çoxdur.
- Araz müəllim, qeyd etdiyiniz maliyyə həssaslığı şəraitində, eyni zamanda tez-tez dəyişikliklərin baş verdiyi dövrdə marketlər qiymət sabitliyini necə qoruya bilirlər?
- Ticarət şəbəkələri qiymət sabitliyini maksimum qorumağa çalışır. Heç bir şəbəkə istehlakçı narazılığı yaradan qiymət artımında maraqlı deyil. Əksinə, sektor əlavə xərclərin mühüm hissəsini daxili optimallaşdırma, logistikanın təkmilləşdirilməsi, proseslərin rəqəmsallaşdırılması və əməliyyat səmərəliliyinin artırılması hesabına kompensasiya etməyə çalışır. Amma xərc yükü uzun müddət və yüksək səviyyədə artdıqda bunun qiymətlərə təsir riskini tam istisna etmək mümkün olmur.
Biz İctimai Birlik olaraq hesab edirik ki, qeyri-neft sektorunun inkişafı baxımından xərc yükünün balanslı tənzimlənməsi, sektorla davamlı məsləhətləşmələr və qəbul edilən qərarların praktik təsirlərinin əvvəlcədən qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma xüsusilə pərakəndə ticarət sahəsində yeni qanunvericilik təşəbbüsləri, əlavə tənzimləmə mexanizmləri və beynəlxalq təcrübəyə əsaslanan yeni qaydalar müzakirə olunarkən daha da vacibdir.
- Ölkəmizdə qanunvericiliyin təkmilləşdirilmsəsi, o cümlədən biznes fəaliyyəti ilə bağlı yeniliklərdə qeyd edilir ki, əsas məqsəd beynəlxalq təcrübənin Azərbaycanda tətbiqidir. Beynəlxalq təcrübənin tətbiqi özünü həmişə doğruldurmu?
- Əlbəttə, biz beynəlxalq təcrübənin öyrənilməsini vacib hesab edirik. Lakin hər hansı modelin Azərbaycana tətbiqi zamanı yalnız həmin ölkələrdə mövcud olan hüquqi normalara deyil, həm də həmin ölkələrin bazar strukturu, pərakəndə ticarətin inkişaf səviyyəsi, gəlirlilik göstəriciləri, rəqabət mühiti, əməliyyat xərcləri və mövcud qanunların icra mexanizmləri müqayisəli şəkildə təhlil olunmalıdır.
Çünki fərqli iqtisadi şəraitdə uğurlu işləyən model başqa bazarda əlavə xərc yükü və praktiki çətinliklər yarada bilər. Bu baxımdan hesab edirik ki, pərakəndə ticarətlə bağlı hər hansı yeni tənzimləmə gündəmə gəlməzdən əvvəl mövcud qanunvericiliyin effektiv icrası, bərabər rəqabət şəraitinin təmin olunması, qeyri-rəsmi fəaliyyətin azaldılması və sektorun real əməliyyat imkanları diqqətlə qiymətləndirilməlidir. Məqsəd həm biznesin dayanıqlığını qorumaq, həm də istehlakçı maraqlarını balanslı şəkildə təmin etməkdir.
- Araz bəy, bildiyimiz kimi, pərakəndə ticarət dinamik sahədir və bazarda yeni şəbəkələr, yeni ticarət obyektləri yaranır. Bu proses bazara necə təsir edir? Şəbəkələr rəqabətə davamlıdırmı?
- Yeni ticarət obyektlərinin və şəbəkələrin yaranması bazarın inkişafı baxımından normal və müsbət prosesdir. Azərbaycanda müasir pərakəndə ticarət şəbəkələrinin bazardakı payı təxminən 35 faiz səviyyəsində qiymətləndirilir. İnkişaf etmiş bazarlarda bu göstərici bir çox hallarda 90 faizə yaxın və ya daha yüksək olur. Bu isə o deməkdir ki, bazarın genişlənməsi, yeni formatların yaranması və müasir ticarət standartlarının daha geniş tətbiqi üçün ciddi potensial mövcuddur.
Burada əsas məsələ yeni oyunçuların bazara daxil olması deyil. Əsas məsələ rəqabətin bərabər və şəffaf qaydalar əsasında formalaşmasıdır. Rəsmi fəaliyyət göstərən ticarət şəbəkələri vergilərini ödəyir, əməkdaşlarını rəsmiləşdirir, kassa intizamına, qida təhlükəsizliyi, reklam, parklanma, əmək və digər qanunvericilik tələblərinə əməl edir. Bu öhdəliklər həm xərclər yaradır, həm də sektorun məsuliyyətini artırır. Digər tərəfdən, bəzi ticarət obyektləri əməkdaşları rəsmiləşdirmədən, kassa intizamına tam əməl etmədən və ya digər məcburi tələblərdən yayınmaqla fəaliyyət göstərirsə, bu, artıq sağlam rəqabət deyil. Belə hallar həm dövlət büdcəsinə, həm istehlakçı hüquqlarına, həm də qanunla işləyən sahibkarlara mənfi təsir göstərir.
- Siz kiçik satış nöqtələrini, məsələn məhəllə marketlərini nəzərdə tutursunuz?
- Xeyr, məsələ satış obyektinin kiçik və ya böyük olmasında deyil. Məhəllə marketləri, kiçik ticarət obyektləri və fərqli satış formatları bazarın təbii iştirakçılarıdır. Problem kiçik formatda deyil; problem qeyri-rəsmi fəaliyyət, qeyri-bərabər öhdəliklər və standartlardan yayınmadadır.
Bizim mövqeyimiz ondan ibarətdir ki, rəqabət ölçüyə, formata və ya obyektin kiçik-böyük olmasına görə deyil, qaydalara münasibətə görə qiymətləndirilməlidir.
Məhz bu baxımdan Birlik “Dürüstlük Vətənpərvərlikdir” təşəbbüsünü irəli sürüb. Məqsəd bütün pərakəndə ticarət iştirakçılarını şəffaf, qanuni və məsuliyyətli fəaliyyətə çağırmaqdır. Biz hesab edirik ki, dürüst işləmək yalnız biznes mədəniyyəti məsələsi deyil, həm də dövlətə, dövlətçiliyə, istehlakçıya və cəmiyyətə münasibətin göstəricisidir. Birliyin geniş üzv bazası və gündəlik milyonlarla istehlakçı təması sektorda baş verən proseslər haqqında real məlumat toplamağa imkan verir. Biz bu məlumatları qarşıdurma yaratmaq üçün deyil, bazarda ədalətli rəqabət mühitinin gücləndirilməsi və aidiyyəti dövlət qurumları ilə konstruktiv əməkdaşlıq üçün istifadə etməyi doğru hesab edirik.
- Araz müəllim, son zamanlar onlayn alış-veriş iqtisadiyyatın bütün sahələrində, o cümlədən ticarət şəbəkələrində də genişlənir. Bu baxımdan market şəbəkələri hansı addımları atmalıdır ki, onlayn sferada rəqabətdə geri qalmasınlar?
- Onlayn ticarət artıq ayrıca bir istiqamət olmaqdan çıxaraq pərakəndə ticarətin də ayrılmaz hissəsinə çevrilir. İstehlakçı rahatlıq, sürət, şəffaf qiymət müqayisəsi və daha çevik xidmət gözləyir. Buna görə də şəbəkələr yalnız fiziki mağaza formatı ilə kifayətlənməməli, rəqəmsal satış kanallarını, çatdırılma modellərini, müştəri məlumatlarının düzgün təhlilini inkişaf etdirməlidirlər. Bununla belə, hər bir şirkətin onlayn strategiyası onun biznes modelindən, məhsul çeşidindən, müştəri bazasından və investisiya imkanlarından asılıdır. İctimai Birlik olaraq biz şirkətlərin daxili kommersiya qərarlarına müdaxilə etmirik. Amma ümumi tendensiya aydındır: rəqəmsal alətləri düzgün tətbiq edən ticarət şəbəkələri həm müştəri məmnuniyyətini artırır, həm də əməliyyat səmərəliliyini gücləndirir. Gələcəkdə fiziki mağaza və onlayn kanal bir-birinə alternativ kimi deyil, bir-birini tamamlayan sistem kimi inkişaf edəcək. Müştəri mağazaya da gələcək, onlayn da sifariş verəcək, bəzən məhsulu evə çatdırılacaq, bəzən mağazadan götürəcək. Şəbəkələrin əsas vəzifəsi bu müxtəlif davranışlara çevik cavab verə bilən infrastruktur qurmaqdır.
- Son illər ölkəmizdə tətbiq edilən əsas yeniliklərdən biri onlayn ödənişlərdir. Bunlar müştərilər üçün rahatlıq gətirsə də, ödəniş sistemlərində komissiyaların yüksək olması biznesin xərclərini artırır. Son zamanlar QR ödənişlərinin təşviqi də genişlənib. Bu alətlər ticarət şəbəkələrinin xərclərinə necə təsir edir?
- Bu məsələ – onlayn ödənişlər və ona görə tutulan komissiyalar, Birliyin ən həssas və strateji mövzularından biridir. Nağdsız ödənişlərin artması dövlətin şəffaf iqtisadiyyat siyasətinə uyğundur və biz bu prosesi dəstəkləyirik. Nağdsız ödənişlər dövriyyənin leqallaşmasına, istehlakçı davranışının daha aydın görünməsinə və iqtisadi münasibətlərin şəffaflaşmasına xidmət edir. Son illərdə ticarət şəbəkələrində nağdsız ödənişlərin payı kəskin artıb. Hazırda bir çox şəbəkələrdə dövriyyənin 65 faizdən çoxu nağdsız ödənişlər vasitəsilə həyata keçirilir. Əvvəllər bu göstərici çox aşağı idi. Bu dəyişiklik müsbət tendensiyadır, lakin eyni zamanda komissiya xərcləri də biznes üçün ciddi maliyyə yükünə çevirib. Problem nağdsız ödənişin özündə deyil. Problem odur ki, mövcud modeldə komissiya yükü aşağı marja ilə işləyən pərakəndə ticarət sektoru üçün həddindən artıq həssas səviyyəyə çatır.
- Siz qeyd etdiniz ki, market şəbəkələri orta hesabla 1% mənfəətliklə işləyirlər. Belə vəziyyətdə komissiya haqqı sistemə necə təsir edir?
- Ticarət şəbəkələrinin xalis mənfəətliliyi aşağı olduğu halda (1%), dövriyyədən tutulan komissiyalar şirkətlərin real gəlirliliyinə ciddi təsir edir. Bundan başqa, beynəlxalq ödəniş sistemlərindən asılılıq həm komissiya xərclərinin ölkə xaricinə yönəlməsi, həm də ödəniş məlumatlarının emalı baxımından əlavə suallar yaradır.
Biz burada hər hansı ödəniş sisteminə qarşı çıxmırıq. Əksinə, məqsəd nağdsız ödənişlərin daha dayanıqlı, daha ucuz və yerli iqtisadiyyat üçün daha faydalı mexanizmlərlə inkişaf etdirilməsidir. Bu baxımdan lokal ödəniş infrastrukturu, o cümlədən AZQR kimi həllər mühüm əhəmiyyət daşıyır. Əgər bu sistemlər texniki baxımdan rahat, istifadəçi üçün sadə və komissiya baxımından daha balanslı olarsa, həm istehlakçı, həm banklar, həm də ticarət şəbəkələri üçün faydalı nəticələr yarada bilər. Biz AZQR ödənişlərindən istifadə ilə bağlı Mərkəzi Bankla da müzakirlərimizi davam etdiririk.
- Mərkəzi Bank ilə davam edən müzakirələr nəyi dəyişə bilər? Hansı yeniliklər gözlənilir?
- Mərkəzi Bank tərəfindən yaradılan AZQR yerli ödəniş sisteminin inkişafı bu istiqamətdə mühüm addımdır. Bu sistemin uğurlu işləməsi yalnız texniki platformanın mövcudluğundan asılı deyil. Burada bankların tətbiqləri, POSterminalların funksionallığı, kassir davranışı, müştəri vərdişi, maarifləndirmə və istifadə rahatlığı birlikdə nəzərə alınmalıdır. Ticarət şəbəkələri bu prosesdə mühüm rol oynayır. Çünki gündəlik milyonlarla istehlakçı ilə təmas məhz mağazalarda baş verir. Müştərinin ödəniş zamanı hansı seçimə üstünlük verdiyi, QR ödənişə necə reaksiya göstərdiyi, texniki çətinliklərin harada yarandığı və hansı izahata ehtiyac olduğu barədə ən real rəy pərakəndə ticarət nöqtələrində formalaşır.
Hazırda əsas məqsəd AZQR-ın komissiya baxımından digər ödəniş sistemləri ilə müqayisədə hiss olunacaq dərəcədə daha sərfəli olması, bank tətbiqlərində daha əlçatan edilməsi, POS-terminallarda istifadə prosesinin sadələşdirilməsi və müştəridə bu ödəniş formasına etimadın artırılmasıdır. Əgər müştəri üçün proses rahat, sürətli və problemsiz olarsa, vərdiş formalaşacaq. Vərdiş formalaşdıqdan sonra isə bu sistem həm komissiya yükünün azalmasına, həm də yerli ödəniş infrastrukturunun güclənməsinə töhfə verə bilər.
Biz Mərkəzi Bank, banklar və digər aidiyyəti tərəflərlə bu istiqamətdə əməkdaşlığı vacib hesab edirik. Məqsəd nağdsız ödənişlərin inkişafını ləngitmək deyil, əksinə, bu inkişafı daha dayanıqlı və daha balanslı iqtisadi model üzərində qurmaqdır.
- İctimai Birlik olaraq son zamanlar dövlət qurumları ilə aktiv iş aparırsınız. Bu işlər nədən ibarətdir və görüşlərdə hansı məsələlər müzakirə olunur?
“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi olaraq əsas yanaşmamız problemləri açıq, peşəkar və institusional dialoq formatında müzakirə etməkdir. Biz hesab edirik ki, pərakəndə ticarət sektoru iqtisadiyyatın çox geniş sahələri ilə bağlı olduğuna görə burada yaranan məsələlərin həlli də yalnız bir qurumun və ya bir şirkətin çərçivəsində mümkün deyil. Sistemli mövzular sistemli dialoq tələb edir.
Bu baxımdan Birlik Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlar, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, AQTA, AYNA, AZPROMO, KOBİA və digər aidiyyəti qurumlarla müxtəlif istiqamətlər üzrə təmaslar qurur.
- Birliyiniz bu qurumlarla əsasən hansı mövzuları müzakirə edir?
- Hər qurumla müzakirə olunan mövzular fərqlidir. Məsələn, nağdsız ödənişlər və komissiya yükü üzrə Mərkəzi Bank və Nazirlər Kabineti ilə, vergi inzibatçılığı üzrə Dövlət Vergi Xidməti ilə, sağlam rəqabət və istehlakçı hüquqları üzrə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə, ərzaq təhlükəsizliyi üzrə AQTA ilə, logistika və yüklərin boşaldılması ilə bağlı məsələlər üzrə AYNA və Dövlət Yol Polisi ilə müzakirələr aparılır.
Ticarət şəbəkələrinin gündəlik fəaliyyətində elə məsələlər var ki, onlar şirkətlərin daxili idarəetməsi ilə həll olunur. Amma elə məsələlər də var ki, onlar ümumi sektor xarakteri daşıyır. Məsələn, avtobus və velosiped zolaqları çəkildikdə ticarət obyektlərinin qarşısında yük boşaldılması, qısa müddətli dayanma və təchizat prosesləri çətinləşə bilir. Bu kimi məsələlər həm nəqliyyat siyasəti, həm şəhər infrastrukturu, həm də ticarət fəaliyyətinin fasiləsizliyi baxımından balanslı yanaşma tələb edir.
Eyni zamanda “Azərişıq” ASC ilə də görüşlər keçirilib. Elektrik enerjisinin sabit verilməsi, ticarət obyektlərinin enerji tələbatı və texniki məsələlər pərakəndə ticarət üçün çox vacibdir. Çünki mağazalarda soyuducu sistemlər, anbarlar, kassalar, təhlükəsizlik sistemləri və digər avadanlıqlar fasiləsiz enerji təchizatından asılıdır. Bizim məqsədimiz problemi yalnız səsləndirmək deyil, həm də onun həlli üçün praktik təkliflər təqdim etməkdir.
Dövlət qurumları ilə əməkdaşlığımız konstruktiv müstəvidə qurulub. Birlik olaraq çalışırıq ki, üzv şirkətlərin real əməliyyat təcrübəsini dövlət qurumlarına düzgün çatdıraq, qərarların praktik təsirlərini izah edək və sektorun dayanıqlı inkişafına xidmət edən ortaq həll yolları formalaşdıraq.
- Araz müəllim, pərakəndə ticarət sektorunda beynəlxalq əlaqələrin inkişafı və dünya təcrübəsinin öyrənilməsi istiqamətində hansı işlər görülür? Bizim bazar üçün hansı təcrübələr faydalı ola bilər?
Beynəlxalq təcrübənin öyrənilməsi Birliyin əsas fəaliyyət istiqamətlərindən biridir. Biz bütün ölkələrlə faydalı əməkdaşlığa açığıq. Hazırda bu istiqamətdə artıq Türkiyə və Böyük Britaniya ilə əlaqələr qurulub. Türkiyə bizim üçün region, istehlakçı davranışı, logistika, ticarət formatları və bazar dinamikası baxımından yaxın və maraqlı təcrübəyə malikdir. Bu ölkənin pərakəndə sektorunda assosiasiya modeli, üzv şirkətlərlə iş mexanizmi və dövlət qurumları ilə münasibətlərin qurulması bizim üçün faydalı nümunələr təqdim edir.
Böyük Britaniya təcrübəsi isə müasir pərakəndə idarəetməsi, rəqəmsallaşma, istehlakçı hüquqları, institusional dialoq və sektor assosiasiyalarının rolu baxımından diqqətəlayiqdir. Böyük Britaniyada pərakəndə ticarət yalnız satış sahəsi kimi deyil, iqtisadi siyasət, məşğulluq, texnologiya və istehlakçı davranışları ilə sıx bağlı strateji sektor kimi nəzərdən keçirilir. Bu yanaşma bizim üçün də maraqlıdır. Türkiyə istiqamətində müvafiq pərakəndə təşkilatları ilə sənədlər imzalanıb, görüşlər keçirilib və tədbirlərdə qarşılıqlı iştirak imkanları müzakirə olunub. Böyük Britaniya ilə də əlaqələr qurulub və təcrübə mübadiləsinin daha praktik mərhələyə keçməsi üçün səfərlər, görüşlər və peşəkar dialoq formatları üzərində işlənilir.
Beynəlxalq tərəfdaşlarla müzakirələr zamanı əsasən təchizat zəncirinin idarə olunması, rəqəmsal texnologiyalar, süni intellekt, müştəri təcrübəsi, kadr idarəçiliyi və sektorun dövlət qurumları ilə institusional əməkdaşlıq modellərinə diqqət yetiririk. Bununla belə, məqsəd hansısa ölkənin modelini olduğu kimi Azərbaycana köçürmək deyil. Hər ölkənin bazarı, istehlakçı davranışı, hüquqi mühiti və idarəetmə ənənələri fərqlidir. Bizim yanaşmamız beynəlxalq təcrübədən faydalı elementləri götürərək onları yerli reallıqlara uyğunlaşdırmaqdır.









![Ərzaq marketlərində mənfəət 1% ətrafındadır, komissiya xərcləri ciddi yükə çevrilib – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/2402971.jpeg)
![Ərzaq marketlərində mənfəət 1% ətrafındadır, komissiya xərcləri ciddi yükə çevrilib – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/2954831.jpeg)
![Ərzaq marketlərində mənfəət 1% ətrafındadır, komissiya xərcləri ciddi yükə çevrilib – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/1091449.jpeg)
![Ərzaq marketlərində mənfəət 1% ətrafındadır, komissiya xərcləri ciddi yükə çevrilib – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/4237553.jpeg)
![Ərzaq marketlərində mənfəət 1% ətrafındadır, komissiya xərcləri ciddi yükə çevrilib – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/718719.jpeg)
![Ərzaq marketlərində mənfəət 1% ətrafındadır, komissiya xərcləri ciddi yükə çevrilib – [red]MÜSAHİBƏ[/red] | FED.az](upload/news/small/1422526.jpeg)








