VÖEN sahibi əvvəl taksi fəaliyyəti ilə məşğul olub. Hazırda kuryer kimi fəaliyyətə başlasa, bu halda onun vergiyə cəlb olunması necə olacaq? Vergi dərəcəsi nə qədərdir və hansı hesabatları təqdim etməlidir? Fiziki şəxsin VÖEN-i üzrə fəaliyyət növündə dəyişiklik edilməlidirmi?
Vergi ödəyicisi xaricə çıxışına "stop" qoyulmasını necə öyrənə bilər?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş və ya gəlir vergisi ödəyicisi olmaq hüququ var.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Eyni zamanda bildirilib ki, 2025-ci ilin yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Kuryer fəaliyyəti həmin maddədə qeyd olunan fəaliyyət növlərinə aid edilir.
Əlavə olaraq bildirilib ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Həmçinin, vergi ödəyicisi eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola və ya uçota alınarkən, ərizəsində qeyd etdiyi fəaliyyət növünü digər fəaliyyət növü ilə dəyişə bilər. Fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması (“Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində yer alan “Elektron xidmətlər” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi səhifəsindəki "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.













