ABŞ-ın çip istehsalçısı Nvidia 26 aprel tarixində başa çatan və 2027-ci maliyyə ilinin ilk rübü hesab edilən üç aylıq dövr üzrə maliyyə nəticələrini açıqlayıb.
“OpenAI” “ChatGPT” üçün yeni pulsuz model istifadəyə verib
FED.az xəbər verir ki, şirkətin gəliri illik müqayisədə (ötən ilin eyni dövrü ilə müqayisədə) 85 faiz artaraq 81,6 milyard dollara çatıb.
Nvidia-nın gəliri əvvəlki rüblə müqayisədə 20 faiz artım göstərib. Şirkət ötən ilin eyni dövründə 44,1 milyard dollar gəlir əldə etmişdi.
Bazar gözləntisi şirkətin sözügedən dövrdə 78,9 milyard dollar gəlir açıqlaması istiqamətində idi. Çip istehsalçısı hazırda davam edən rüblə bağlı gəlir proqnozunu isə 91 milyard dollar olaraq açıqlayıb.
Nvidia-nın xalis mənfəəti də eyni dövrdə illik müqayisədə 211 faiz artaraq 58,3 milyard dollara yüksəlib. Şirkət ötən ilin eyni dövründə 18,8 milyard dollar xalis mənfəət açıqlamışdı.
Nvidia-nın bir səhm üzrə mənfəəti isə 2026 maliyyə ilinin ilk rübündəki 76 sent səviyyəsindən 2,39 dollara yüksəlib. Beləliklə, şirkətin gəlirliliyi də bazar gözləntilərini üstələyib.
Şirkət həmçinin direktorlar şurasının 80 milyard dollarlıq əlavə səhm geri alışı proqramını təsdiqlədiyini və rüblük nağd dividend ödənişini səhm başına 1 sentdən 25 sentə qaldırdığını açıqlayıb.
Nvidia-nın qurucusu və baş icraçı direktoru Jensen Huang bildirib ki, süni intellekt zavodlarının qurulması bəşəriyyət tarixində ən böyük infrastruktur genişlənməsidir və bu proses fövqəladə sürətlə irəliləyir. (Marja)













