Dünyanın ən böyük investisiya şirkətlərindən olan «BlackRock» milyarder Mark O'Hara tərəfindən 2002-ci ildə qurulan «Preqin» şirkətini 3,32 milyard dollara satın alıb.
Ceff Bezos “Amazon”un daha 5 milyard dollarlıq səhmlərini satacaq
FED.az xəbər verir ki, «Preqin» şirkəti məlumatların emalı ilə məşğuldur. Bu şirkətin qiymətli cəhəti ondadır ki, «Preqin» özəl investorlara məlumat vermək üçün kiçik özəl şirkətlər haqqında məlumat toplamaqla məşğul olur.
Sövdələşmənin ümumi məbləği 3,32 milyard dollar təşkil edib. Şirkətin 80%-nə sahib olan O'Hara və onun həyat yoldaşı Lindi bu alqı-satqıdan 2,5 milyard dollar qazanacaq və onlar Böyük Britaniyanın 100 ən varlı adamı sırasına daxil olacaqlar. Qalan təxminən 650 milyon dollar məbləğ isə «Preqin» rəhbərliyi ilə şirkətin 1500 işçisi arasında bölüşdürüləcək.
Qeyd edək ki, hazırda 65 yaşı olan O'Hara bütün həyatı boyu yüksək texnologiyalı startapların yaradılması və satışı ilə məşğul olub. Məsələn o, 1999-cu ildə məlumat toplama şirkəti qurub və onu Reuters-ə satıb. Onun «Valhalla» konqlomeratına «Preqin» kimi bir neçə yüksək texnologiyalı şirkət daxildir.
«Preqin» şirkəti isə «BlackRock»u maraqlandırıb, sonuncu bu şirkətin öz müştəriləri üçün faydalı olduğunu görərək onu satın alıb.
«Fortune» jurnalı «Preqin»in son üç ildə rekord nəticələr əldə etdiyini və mənfəətinin hər il təxminən 20% artdığını bildirir. «BlackRock» şirkəti də bu il «Preqin»dən təxminən 240 milyon dollar gəlir əldə etməyi gözləyir.
Qeyd edək ki, uğurlu biznes satışından sonra işçilərə pul paylamaq Qərbdə adi bir təcrübədir. Adətən startapların pulu çox olmadığı üçn başlanğıc məqamda işə cəlb olunan işçilərə daha aşağı əmək haqqı verilsə də, əvəzindən biznesin satışından pay vəd edirlər.