Xəbər verildiyi kimi, bu gün sentyabrın 24-də Nazirlər Kabinetində 2027-ci ilin büdcə layihələrinə həsr olunmuş geniş görüş keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iclasda çıxış edən baş nazir Əli Əsədov büdcə, qarşıdakı dövrdə iqtisadi proqnozlarla yanaşı, Milli Xərc prioritetlərini də açıqlayıb.
Baş nazir bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin əsas xərc istiqamətləri qarşıda dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə Milli Xərc Prioritetləri əsasında hazırlanıb.
2027-2030-cu illərdə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri aşağıdakılardır:
1. Dayanıqlı iqtisadi artımın dəstəklənməsi;
2. İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;
3. Müdafiə və milli təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
4. Sosial müdafiə və sosial təminat istiqamətində tədbirlərin davamlı icrası;
5. Rəqəmsal inkişafın, süni intellektin və innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi;
6. Təhsilin və innovativ inkişafın dəstəklənməsi;
7. Səhiyyə sisteminin və tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi;
8. Təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması.












