Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin on birinin sığorta haqqlarında artımlar olub.
Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-AVQUST, 2026)
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığımlarını ən çox artıran şirkət «Meqa Həyat Sığorta» ASC olub. Şirkət 2025-ci ilin ilk 8 ayında 10 milyon 849 min manat sığorta haqqı toplamışdısa, bu ilin eyni dövründə bu rəqəm 20 milyon 34 min manata yüksəlib. İllik artım 9 milyon 185 min manat və ya 84,7% olub.
«İpək Yolu Sığorta» ASC-nin yığımları son bir ildə 2 milyon 351 min manat (56,3%) artaraq 6 milyon 524 min manata, «Atəşgah Sığorta» ASC-nin yığımları son bir ildə 16 milyon 55 min manat (37,6%) artaraq 58 milyon 764 min manata yüksəlib.
«Aqrar Sığorta» ASC-nin də yığımları 4 milyon 30 min manat, yaxud da 26,2% artaraq 19 milyon 425 min manata yüksəlib. «Xalq Həyat Sığorta» ASC-nin sığorta haqqları 8 milyon 433 min manata bərabər olub ki, bu da, illik 1 milyon 222 min manat, yaxud da 16,9% artım deməkdir.
Yığımlarını artıran sığorta şirkətləri arasında «PAŞA Sığorta» ASC və «PAŞA Həyat Sığorta» ASC də xüsusi yer tutur. Bu şirkətlərin yığımları müvafiq olaraq 25 milyon 360 min manat (10,2%) artaraq 273 milyon 302 min manata və 36 milyon 412 min manat (7,6%) artaraq 517 milyon 884 min manata yüksəlib. Bu şirkətlər yığımlarını məbləğ ifadəsində ən çox artıran şirkətlərdir.
Sığorta haqqları artan şirkətlər arasında səkkizinci yerdə «Meqa Sığorta» ASC, doqquzuncu yerdə «Atəşgah Həyat Sığorta» ASC qərarlaşıb. Belə ki, «Meqa Sığorta» ASC-nin sığorta haqqları 24 milyon 115 min manat (1 milyon 228 min manat və ya 5,4% çox), «Atəşgah Həyat Sığorta» ASC-nin sığorta haqqları 75 milyon 51 min manat (1 milyon 893 min manat və ya 2,6% çox) olub.
Bunlardan başqa, iki sığorta şirkətinin sığorta yığımları nisbətən daha az artıb. Beləliklə, «Xalq Sığorta» ASC-nin sığorta yığımları 272 min manat (1,5%) artaraq 18 milyon 324 min manata, «A-Qroup Sığorta» ASC-nin yığımları 55 min manat (0,5%) artaraq 10 milyon 640 min manata yüksəlib.














